“Napoli”nin italiyalı keçmiş hücumçusu Stefan Şvox “eşşəkciklər”in italyan baş məşqçisi Antoni Kontenin müdafiəsinə qalxıb.
Arena.az keçmiş futbolçunun müvafiq açıqlamasını təqdim edir:
“Hesab edirəm ki, klub ona etimad göstərməlidir. Axı elə, dünən onlar onu əldə etməyə çalışırdılar, bu gün isə Konte öz ünvanına ədalətsiz və artıq tənqid alır”, deyə Şvox vurğulayıb.
Qeyd edək ki, UEFA Çempionlar Liqasının növbəti – 5-ci turunda Azərbaycan çempionu “Qarabağ”la qarşılaşacaq “Napoli”nin düşərgəsində gərginlik hökm sürür. Son dövrlərdə ardıcıl məğlubiyyətlər almış Neapol təmsilçisində baş məşqçinin istefası tələb olunur.
Baş məşqçi Antonio Konte də komandanın hazırkı vəziyyəti və daxili ab-havası barədə danışıb. O, bu açıqlamanı istefaya göndəriləcəyi barədə söz-söhbətlərin fonunda verib. 56 yaşlı mütəxəssis “La Gazzetta dello Sport”a bildirib ki, əgər ardıcıl beş oyun uduzursansa, deməli, nəsə düzgün getmir:
“Dəyişikliklər etmək lazımdır. Mən sadəcə, komandanın tənəzzülünü kənardan izləmək fikrində deyiləm. Lazım gələrsə, məsuliyyəti birinci olaraq öz üzərimə götürəcəyəm”.
Konte etiraf edib ki, hazırda komanda daxilində birlik hiss etmir: “Hər kəs yalnız öz problemlərinə fokuslanıb. Heç kimə “ürək köçürməsi” etmək mümkün deyil. Hər kəsin öz içində ruhu, qəzəbi və mübarizə istəyini tapması lazımdır. Burada təkcə iş görmək deyil, onu necə etdiyin də vacibdir. Minimumu yerinə yetirməklə klubu böyük ambisiyalarla oynamaq arasında böyük fərq var.
Hazırda hər kəs yalnız öz “bağçasına” baxır. Mən əvvəllər də bu cür vəziyyətlə qarşılaşmışam, ona görə bu məsələni klub rəhbərliyi ilə ciddi şəkildə müzakirə etməyi planlaşdırıram”.
“Bu cəfəng xəbərlər reallığı əks etdirmir”
“Napoli”nin prezidenti Aurelio De Laurentis də komanda daxilindəki gərgin vəziyyət və baş məşqçi Antonio Konte ilə bağlı yayılan iddialara münasibət bildirib. O, mətbuatda Konte ilə yolların ayrılacağı barədə xəbərlərin həqiqətə uyğun olmadığını vurğulayıb və çalışdırıcıya dəstək ifadə edib:
“Kontenin qovulacağı barədə saysız-hesabsız uydurmalar oxuyuram. İnternet məlumatın tez yayılmasına imkan verir, amma yayılan hər xəbər doğru deyil. Bizim Konte ilə xüsusi münasibətimiz var və onun klubumuzda işləməsi ilə qürur duyuram. Azarkeşlərimiz bilməlidirlər ki, bu cəfəng xəbərlər reallığı əks etdirmir”.
Xatırladaq ki, Konte 2024-cü ildən “Napoli”yə rəhbərlik edir.
İtaliya çempionatında 11 turdan sonra “Napoli” 22 xalla turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb və liderlər – “İnter”lə “Roma”dan 2 xal geri qalır. Çempionlar Liqasında isə komanda 4 oyundan 4 xalla 24-cü yerdədir.
“Napoli” – “Qarabağ” matçı noyabrın 25-də Neapol şəhərində keçiriləcək.

