Planlar İran və İraqdakı rejim dəyişikliyi təcrübələrinə əsaslanır...
ABŞ prezidenti Donald Tramp administrasiyası Venesuela prezidenti Nikolas Maduronu hakimiyyətdən uzaqlaşdırmaq üçün üç mümkün hərbi ssenari hazırlayıb.
Poliqon xəbər verir ki, bu barədə The Daily Telegraph öz mənbələrinə istinadən məlumat yayıb. Qəzet yazır ki, planlar ABŞ-ın İranda və İraqda həyata keçirdiyi tarixi əməliyyatlara əsaslanır.
Birinçi ssenari 1989-cu ildə Panamada baş verən hadisələrə bənzər əməliyyatı nəzərdə tutur. Həmin vaxt ABŞ ordusu Panamanın lideri Manuel Norieqanı sığınacaq tapdığı Vatikan səfirliyi ətrafında mühasirəyə almışdı. Nəticədə Norieqa təslim olmuş və məhkəmə üçün ABŞ-a aparılmışdı. Telegraph yazır ki, bu ssenaridə ABŞ dəniz piyadalarının Karakas yaxınlığındakı çimərliklərə desant çıxarması və ya helikopterlərdən istifadə etməsi kimi variantlar nəzərdən keçirilir. Lakin planın əsas çətinliyi ABŞ-ın Venesuela ətrafında onun üçün “dost” sayılan və müdaxiləyə meydan verə biləcək qonşu ölkəsinin olmamasıdır.
İkinci ssenari uzaqmənzilli silahlardan istifadəni nəzərdə tutur. Regiona cəmləşdirilən ABŞ hərbi qüvvələri bu planın Tramp administrasiyası üçün əsas variant olduğuna işarə edir. Qəzet qeyd edir ki, bu ssenariyə ən yaxın tarixi analoq 2011-ci ildə Liviyada Müəmmər Qəddafinin devrilməsi üçün həyata keçirilən hava zərbələridir. Lakin Venesuelada Qəddafidən fərqli olaraq, hakimiyyətə gəlməyə hazır, təşkilatlanmış və gözləyən bir müxalifət qüvvəsi yoxdur — bu da ssenarinin reallaşmasını çətinləşdirir.
Üçüncü ssenari “casusların yerləşdirilməsi” adlanır. Telegraph-ın məlumatına görə, ABŞ artıq Venesuelada kəşfiyyat əməkdaşlarını yerləşdirib. Tarixi nümunə kimi 1956-cı ildə ABŞ və Böyük Britaniyanın İranın baş naziri Məhəmməd Müsəddiqə qarşı həyata keçirdiyi əməliyyat göstərilir. Lakin qəzetin ekspertlərinin fikrincə, hazırda Maduro komandasında onu “içəridən devirməyə” hazır olan hər hansı qrupun mövcudluğu barədə heç bir əlamət yoxdur.
Qəzet bildirir ki, bütün bu ssenarilər ABŞ-ın regionda son aylarda artırdığı hərbi fəallıq fonunda ciddi şəkildə müzakirə olunur. Sentyabr ayından bəri ABŞ ordusu Venesuela sahillərində, Trampın iddiasına görə, narkotik daşıyan gəmilərə qarşı hava və dəniz hücumları həyata keçirir. Bu gün isə Pentaqon rəhbəri Pit Hegset Qərb yarımkürəsində narkokartellərə qarşı “Southern Spear” (“Cənub Kopyesi”) əməliyyatının başlandığını elan edib. Bundan əvvəl ABŞ 1989-cu ildəki Panamaya müdaxilədən bəri Latın Amerikası və Karib hövzəsində ən böyük hərbi qüvvəni cəmləşdirmişdi.
Hadisələrin inkişafı Venesuela ilə ABŞ arasında gərginliyin daha da artacağına işarə edir və regionda siyasi-hərbi balansın dəyişməsi ehtimalını gücləndirir.
Poliqon.info