Venesuela Prezidenti Nikolas Maduro Karakasda keçirilən mitinq zamanı ABŞ xalqını öz sahillərində ehtimal olunan ABŞ hərbi əməliyyatları fonunda Venesuelaya dəstək olmağa çağırıb. O, həmçinin amerikalıları Amerika qitəsində sülhün tərəfdarı olmağa səsləyib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
“Mən ABŞ əhalisini Amerikada sülh üçün birləşməyə çağırıram. Artıq sonsuz müharibələr, ədalətsiz müharibələr, Liviya və Əfqanıstan kimi hadisələr olmasın”, - Maduro ispan dilində söyləyib.
CNN-in məlumatına görə, Maduro ABŞ Prezidenti Donald Trampa da müraciət edərək onu bölgədə sülhün bərqərar olması üçün addımlar atmağa çağırıb. ABŞ-nin mümkün təcavüzündən narahat olub-olmadığı barədə suala isə Venesuela lideri birbaşa cavab verməyib və diqqətini ölkəsinin “dinc idarəçiliyinə” yönəltdiyini bildirib.
Qeyd edək ki, “The New York Times” avqust ayında yazmışdı: ABŞ Prezidenti Donald Tramp Latın Amerikası narkotik kartellərinə qarşı hərbi güc tətbiqinin genişləndirilməsi üçün Pentaqona gizli direktiv imzalayıb. Bunun ardınca Vaşinqton Karib dənizinə əlavə hərbi qüvvələr yerləşdirib və ABŞ hökumətinin narkotik ticarəti ilə məşğul olduğunu iddia etdiyi gəmilərə hava zərbələri endirməyə başlayıb.