Almaniyanın müdafiə naziri Boris Pistoriusun NATO ilə Rusiya arasında silahlı münaqişənin ilkin olaraq 2029-cu ildə başlaya biləcəyi ilə bağlı açıqlaması beynəlxalq gündəmi yenidən gərginləşdirib. Maraqlıdır, bu proqnoz nə qədər realdır?
Politoloq Əli Mustafa KONKRET.az-a mövzuya münasibət bildirərək bu proqnozun real göründüyünü qeyd edib.
.jpg)
Ekspert bildirib ki, son aylarda dünyada ciddi hərbi-siyasi hərəkətlilik müşahidə olunur:
“Əksər ölkələrdə silahlı qüvvələrin sürətlə gücləndirilməsi, hərbi ittifaqların yenidən formalaşması diqqət çəkir. Sanki bütün dövlətlər Üçüncü Dünya müharibəsinə hazırlıq içindədir. Bu prosesin ilk qaranquşu Rusiya–Ukrayna müharibəsidir. Artıq 4 ilə yaxındır davam edən bu savaş əslində yalnız Ukrayna ilə Rusiya arasında deyil, Rusiya ilə NATO arasında baş verən toqquşmanın dolayı formasıdır.”
Onun sözlərinə görə, hazırda proseslər son dərəcə həssas mərhələyə qədəm qoyub:
“Hər an Rusiya ilə NATO arasında birbaşa müharibə başlaya bilər. Bu, real bir ssenaridir. Almaniya ilə Rusiya arasında da təxminən 2030-cu ilə qədər gərginlik silahlı qarşıdurmaya çevrilə bilər.”
Politoloq vurğulayıb ki, bütün geosiyasi dinamikanın taleyi Ukrayna cəbhəsindəki gedişatdan asılı olacaq:
“Ukraynadakı vəziyyətin necə dəyişməsi Rusiya–NATO münasibətlərinə birbaşa təsir edir. Gedişat kəskinləşərsə, Pistoriusun proqnozlaşdırdığı kimi, genişmiqyaslı münaqişə ehtimalı istisna olunmur.”
Müşviq Tofiqoğlu
KONKRET.az