Özbəkistanın paytaxtı Daşkənddə Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşündə Azərbaycan bu formata tamhüquqlu üzv qəbul olunub. Onun üzvlərinin sayının beşdən altıya genişləndirilməsi Mərkəzi Asiya ilə Azərbaycan arasında güclü körpü qurmağa xidmət edir.
Özbəkistan Prezidenti Şavkat Mirziyoyev bəyan edibi, Azərbaycanın bu formata qoşulması ticarət-iqtisadi və mədəni əməkdaşlığın genişlənməsi üçün unikal imkanlar yaradır, eyni zamanda, birgə inkişaf, dayanıqlı artım üçün vahid bir məkan formalaşdırır: "Bu strateji addım bölgənin regional əlaqəliliyini gücləndirir və investisiyaların artması, ticarətin yüksəlməsi, eləcə də böyük infrastruktur layihələrinin həyata keçirilməsi üçün zəmin yaradır".
Ş.Mirziyoyevin vurğuladığı məsələlərdən biri də Çin-Qırğızıstan-Özbəkistan dəmiryolu marşrutları və TransAfqan nəqliyyat dəhlizinin birgə inkişafı, eləcə də Xəzər dənizi üzərindən əlaqələrin genişləndirilməsidir. O qeyd edib, bu, regionun tranzit potensialını əhəmiyyətli dərəcədə artıracaq və onun Avropa ilə iqtisadi inteqrasiyasını gücləndirəcək.
Özbəkistan lideri Əfqanıstanın da regional layihələrə və təhlükəsizlik təşəbbüslərinə cəlb edilməsinin vacibliyini vurğulayaraq bunun əməkdaşlıq zonasında sabitliyin güclənməsinə kömək edəcəyini deyib.
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Azərbaycanı Mərkəzi Asiya Məşvərət Görüşlərinə tamhüquqlu üzv qəbul olunması münasibətilə təbrik edərək bildirib ki, bu yeni vəzifədə Azərbaycan regional əməkdaşlığın gücləndirilməsinə əhəmiyyətli töhfə verəcək.
Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşünə daxil olmasını başqa iştirakçılar da yüksək qiymətləndirib.
Prezident İlham Əliyev 7-ci Məşvərət Görüşündə çıxışında Azərbaycanın, o cümlədən, Orta və Zəngəzur dəhlizlərinin regional, qlobal əhəmiyyətindən bəhs edib.
Onun sözlərinə görə, Orta Dəhlizin inkişafı Mərkəzi Asiya ölkələri və Azərbaycan üçün strateji əhəmiyyətə malikdir: "Nəqliyyat və logistika infrastrukturunun modernləşdirilməsi, gömrük prosedurlarının sinxronlaşdırılması və rəqəmsallaşdırılması üzrə birgə səylər yük daşımalarının həcminin artırılması, iqtisadi dayanıqlığın gücləndirilməsi və beynəlxalq bazarlarda qarşılıqlı fəaliyyətin genişləndirilməsi üçün geniş imkanlar açır. Son üç ildə Orta Dəhliz vasitəsilə Azərbaycan üzərindən yük daşımaları 90% artıb".
Prezident bu günə qədər Azərbaycanda həyata keçirilən mühüm infrastruktur layihələrini xatırladaraq deyib ki, yaxın illərdə illik ötürmə qabiliyyəti 25 milyon tona çatacaq Ələt Beynəlxalq Limanı, Bakı-Tbilisi-Qars dəmir yolu, 9 beynəlxalq hava limanı, regionun ən böyük yük aviasiya şirkəti və digər amillər Azərbaycanı beynəlxalq nəqliyyat qovşaqlarından birinə çevirib.
Dövlət başçısı əlavə edib ki, Azərbaycan ərazisində Zəngəzur dəhlizinin tikintisi tamamlanmaq üzrədir və ilkin mərhələdə onun buraxılış qabiliyyəti 15 milyon ton təşkil edəcək: "Bu dəmir yolu Orta Dəhlizin mühüm arteriyası olacaq. Həmçinin, Zəngəzur dəhlizinin bir hissəsi olacaq avtomobil yolunun tikintisi də tamamlanmaq üzrədir".
Bu baxımdan, Azərbaycanın infrastruktur layihələri format çərçivəsində Mərkəzi Asiya ilə inteqrasiya şəraitində daha səmərəli istifadə oluna biləcək. Bu, Azərbaycanı beynəlxalq nəqliyyat qovşağına çevirərək ixracat gəlirlərini artıracaq.

Ələt Limanı, Bakı-Tbilisi-Qars dəmir yolu, 9 beynəlxalq hava limanı layihələri ilə Azərbaycan Cənubi Qafqazın infrastruktur baxımından da lider dövləti olduğunu təsdiqləyir. Mərkəzi Asiya ölkələri ilə tarixi, siyasi, mədəni, ictimai, iqtisadi ortaq maraqlar onun geostrateji baxımdan da əhəmiyyətini isbatlayır.
Zəngəzur dəhlizinin tikintisi Məşvərət Görüşünə üzv dövlətlər üçün yeni tranzit imkanları açacaq. Mərkəzi Asiya və qonşu ölkələr, o cümlədən, Çin, Pakistan və Əfqanıstanın təhlükəsiz, rahat və qısamüddətli alternativ yol olaraq ondan Qərblə əlaqələrinin genişlənməsi, qurulması üçün yararlana bilər.
Orta və Zəngəzur dəhlizləri Xəzərin enerji daşıyıcılarının Mərkəzi Asiyaya, eləcə də bu bölgənin karbohidrogen daşıyıcılarının nəqlinin şaxələnməsinə yardım edəcək.
Bu format üzv dövlətlərin "Rəqəmsal İpək Yolu" (Digital Silk Way) layihəsi çərçivəsində Xəzər dənizinin dibi ilə fiber-optik kabel şəbəkəsi çəkilməsinə təkan verəcək. Bu isə rəqəmsal rabitəni inkişaf etdirəcək və region üzrə ticarətin rəqəmsallaşdırılmasına imkan verəcək.
Azərbaycan tərəfindən Avropa ilə Asiyanı birləşdirən "Rəqəmsal İpək Yolu" fiber-optik infrastruktur layihəsinin icrası davam etdirilir. "Transxəzər Fiber Optik Kabel Xətti" layihəsinin tikintisi və istismarı ilə bağlı işlər həyata keçirilir.
Sualtı kabel sisteminin reallaşdırılması dövlətlərarası sazişə müvafiq olaraq həyata keçirilir. "Transxəzər Fiber-Optik Kabel Xətti"nin dənizin dibi ilə uzunluğu 380 km, məlumatötürmə gücü isə 16 trabit/s-dən çox olacaq. Layihənin icrası Azərbaycanın beynəlxalq imicinin, biznes mühitinin, iqtisadi inkişaf göstəricilərinin və beynəlxalq reytinqlərdə mövqeyinin daha da yaxşılaşmasına töhfə verəcək, Asiya ilə Avropa arasında çoxterabitli həcmdə məlumatların ötürməsini təmin edəcək.
Formata daxil olan dövlətlərin ortaq tarixi, taleyi və mədəni-humanitar bağları da onların əməkdaşlıq etmələri üçün əlavə stimul verir.

Məşvərət Görüşünə üzv dövlətlər ortaq hədəfə də malikdir. Bu yaxınlarda ABŞ-də keçirilmiş "C5+1" sammiti də bunu təsdiqləyir. Ortaq hədəflərin və çağırışların olması perspektivdə bu formatın genişlənməsinə, "Mərkəzi Asiya Birliyi" olaraq təşkilatlanmasına zəmin yaradır.
Bu, 2035-ci ilə qədər ticarət-iqtisadi əməkdaşlıq proqramının, ümumi investisiya sahəsi üzrə bəyannamənin qəbuluna qarşılıqlı ticarət həcminin 1,5-2 dəfə artmasına imkan verəcək. Bəyannamə qəbulu ilə infrastruktur, enerji və logistika layihələri sürətlənər.
Azərbaycan və Mərkəzi Asiyanın vaxtilə ortaq mədəni, təhsil sistemlərinə malik olması onların bu sahədə də əməkdaşlığı üçün yeni sahə açar. Qarşılıqlı mədəni, iqtisadi, ticarət və sosial əlaqələrin genişlənməsi, səfərlər edilməsi tərəflər arasında turizm əlaqələrinin inkişafına da təkan verər.
Bəhs etdiyimiz format Azərbaycanla Mərkəzi Asiyanın regional və qlobal önəmini də artıra bilər. Bunun üçün tərəflərin kifayət qədər potensialı mövcuddur.
Prezident İlham Əliyev bu il sentyabrın 25-də keçirilən "Orta Dəhliz boyunca: bağlantı, maliyyə və enerji" mövzusunda 6-cı Xəzər Biznes Forumunun iştirakçılarına müraciətində də Avropa ilə Asiyanın Xəzər (Azərbaycan) vasitəsi ilə bağlantısının əhəmiyyətini vurğulamışdı. O bildirmişdi ki, Orta Dəhliz çox geniş coğrafiyanı birləşdirən strateji layihədir: "Bu dəhliz Avropanı Xəzər dənizi vasitəsilə Asiya ilə bağlayan etibarlı və təhlükəsiz marşrut, yüklərin Asiyadan Avropaya və əks istiqamətdə çatdırılmasının ən qısa və optimal yoludur".
Prezidentin sözlərinə görə, son üç ildə Orta Dəhliz üzrə Azərbaycan vasitəsilə yükdaşımaların həcmi təxminən 90 faiz artmış, yüklərin keçid müddəti əhəmiyyətli dərəcədə azalmışdır: "Aparılmış hesablamalara əsasən, 2030-cu ilədək Orta Dəhlizin yükdaşıma qabiliyyətinin 2021-ci il ilə müqayisədə 3 dəfə artacağı, yüklərin keçid müddətinin isə 2 dəfə azalacağı gözlənilir".

Zəngəzur və Orta dəhlizlər Avrasiya materiki və qlobal miqyasda yeni nəqliyyat, ticarət, energetika, rəqəmsal əməkdaşlıq xəttidir. O, ABŞ-dən başlayaraq Qara dəniz sahili boyunca Türkiyə ilə davam etməklə Azərbaycandan Mərkəzi Asiyaya, oradan Çin və hətta Koreya və Yaponiyayadək uzanan ekvatora paraleldir. Vaşinqton və Pekin də bu layihədə fəal iştirak etməyə hazır olduqlarını gizlətmirlər. Bu dəhlizlər siyasi hikkələrdən, ambisiyalardan uzaq fəaliyyət proqramıdır.
Qeyd edək ki, Orta Dəhliz 2014-cü ildən fəaliyyət göstərir. Çin, Qazaxıstan, Xəzər dənizi, Azərbaycan, Gürcüstan, Türkiyə və Avropa ölkələrinə qədər uzanır. 2023-cü ildə bu marşrutla 2,8 milyon tona yaxın yük daşınıb. Bu da 2022-ci illə müqayisədə 86 % çoxdur. 2024-cü ildə yükdaşımaların həcmi 4 milyon tonu keçib.
Beynəlxalq ictimaiyyət bu əsrdə yeni əməkdaşlıq formatlarına şahidlik edir. 20-ci əsrdə qurulmuş bəzi quruluşlar yollar, siyasi, iqtisadi, ticarət və energetika sahəsində əməkdaşlıq baxımından köhnəlib, yaxud maraqları təmin etmir. Onların yerini isə yeniləri və daha faydalısı əvəzləyir - "C5+1", "Mərkəzi Asiya Məşvərət Görüşü +1". Bunları yeni dünya nizamı üçün töhfə və modern vektorlar saymaq olar.
Sədrəddin İsmayılov
Report
