“Azərbaycan Prezidenti cənab İlham Əliyevin Daşkənddə Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşü, şübhəsiz ki, regional əməkdaşlıqda və ikitərəfli münasibətlərdə yeni mərhələnin başlanğıcı kimi dəyərləndirilə bilər. Bu tədbir təkcə diplomatik jest deyil, həm də Azərbaycanın regiondakı strateji rolunun daha da möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.
Onun sözlərinə görə, Mərkəzi Asiya dövlətləri üçün Azərbaycan Qərbə və qlobal bazarlara açılan ən etibarlı və qısa marşrutlardan biridir:
”Transxəzər nəqliyyat xətti və Orta Dəhliz artıq əməkdaşlığın əsas sütunlarına çevrilib. Bu çərçivədə ticarət dövriyyəsinin artırılması, enerji və nəqliyyat layihələrinin genişləndirilməsi, rəqəmsal inteqrasiya və logistika sahəsində yeni təşəbbüslərin irəli sürülməsi region ölkələrinin maraqlarına tam uyğundur.
Azərbaycanın son illərdə həyata keçirdiyi nəqliyyat-logistika infrastruktur layihələri — Bakı-Tbilisi-Qars dəmir yolu, Ələt Beynəlxalq Dəniz Ticarət Limanı, modernləşdirilmiş dəmir yolu şəbəkəsi — Mərkəzi Asiya ölkələri üçün strateji əhəmiyyət daşıyır və onların Avropa ilə birləşdirilməsində mühüm körpü rolunu oynayır. Prezident İlham Əliyevin Məşvərət Şurasında iştirakı bu prosesləri daha da sürətləndirəcək yeni razılaşmaların, siyasi dialoqun və iqtisadi əməkdaşlığın dərinləşməsi üçün geniş imkanlar yaradır.
Nəticə etibarilə, Azərbaycanın toplantıda iştirakı bölgədə qarşılıqlı etimada, inteqrasiya proseslərinə və bütün regionun geosiyasi əhəmiyyətinin artmasına xidmət edir. Bu, həm də ölkəmizin regional liderlik mövqeyinin möhkəmləndirilməsi və gələcək strateji tərəfdaşlıqların formalaşması baxımından mühüm addımdır”.