AZ

Orta Dəhlizin genişlənməsi Azərbaycan üçün hansı iqtisadi imkanlar yaradır? -Deputat AÇIQLADI

Azərbaycan və Mərkəzi Asiyanın Şərq-Qərb və Şimal-Cənub istiqamətləri arasında mühüm körpü rolunu vurğulayan Prezident İlham Əliyev bildirib ki, Orta Dəhlizin inkişafı ölkələr üçün strateji əhəmiyyət daşıyır. O, qeyd edib ki, nəqliyyat-logistika infrastrukturunun yenilənməsi, gömrük prosedurlarının uyğunlaşdırılması və rəqəmsallaşdırılması yükdaşımaları artırır, iqtisadi dayanıqlılığı gücləndirir və beynəlxalq bazarlarda əməkdaşlıq üçün geniş imkanlar yaradır.

Orta Dəhlizin genişlənməsi Azərbaycan və Mərkəzi Asiya ölkələrinin iqtisadiyyatına konkret olaraq hansı maliyyə və ticarət üstünlükləri gətirə bilər?

Sualımıza cavab olaraq Redaktor.az-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, deputat Vüqar Bayramov bildirdi ki, Azərbaycan və Mərkəzi Asiya formatı, praktiki olaraq, regionun inkişafına mühüm təkan verən bir stimul formalaşdırır:

"Orta Dəhlizin imkanlarının genişləndirilməsi, həm Azərbaycan, həm də Mərkəzi Asiya dövlətləri üçün beynəlxalq yükdaşımalardan əldə olunan gəlirlərin artmasına səbəb olur. Bu, yalnız iqtisadi baxımdan deyil, regionun ümumi strateji əhəmiyyətinin də artmasına gətirib çıxarır. Xüsusilə, Rusiyaya və İrana qarşı sanksiyalar fonunda Orta Dəhlizə olan marağın artması, bu dəhlizin əhəmiyyətini daha da artırır. Bu artan maraq, yalnız Asiya ölkələrindən deyil, həm də Avropa İttifaqının üzvü olan ölkələrdən də gəlir. Orta Dəhliz vasitəsilə daşınan yüklərin həcminin artması, həm region ölkələrinin iqtisadi gəlirlərinə, həm də nəqliyyat və logistika infrastrukturunun inkişafına birbaşa təsir göstərir. Bu, xüsusilə, Azərbaycanın qeyri-neft sektorunda gəlirlərin artırılması baxımından əhəmiyyətlidir. Azərbaycan üçün Orta Dəhlizin genişləndirilməsi, həm dövlət gəlirlərinin artırılmasına, həm də iqtisadi inkişafın stimullaşdırılmasına mühüm imkanlar yaradacaq. Bu baxımdan, Orta Dəhlizin genişləndirilməsi, Azərbaycan üçün yalnız maliyyə, həm də fiziki üstünlüklər təmin edəcək".

Deputat  əlavə etdi ki, Orta Dəhlizin genişlənməsi qonşu ölkələr və Mərkəzi Asiya ilə ticarət əlaqələrinin daha da dərinləşməsinə, həmçinin region daxilində iqtisadi inteqrasiyanın güclənməsinə xidmət edəcək.

"Azərbaycan, bu strateji vəziyyətdən istifadə edərək, həm öz iqtisadiyyatını, həm də regionun ümumi iqtisadi və ticarət potensialını daha da gücləndirəcəkdir. Bu dinamik inkişaf, yalnız yerli iqtisadiyyatın deyil, bütövlükdə, regionun beynəlxalq aləmdəki mövqeyini daha da möhkəmləndirəcək, həmçinin Azərbaycanın Cənubi Qafqaz və Mərkəzi Asiya arasında əlaqələri möhkəmləndirərək, regional sabitliyə və qarşılıqlı faydalı əməkdaşlığa töhfə verəcəkdir", - Vüqar Bayramov əlavə etdi.

Xədicə BAXIŞLI

Seçilən
22
50
redaktor.az

10Mənbələr