AZ

Tomas Müller: “Hansi Flik mənə zəng etsəydi…” - ARENA.AZ

“Vankuver Uaytkeps”in 36 yaşlı alman hücumçusu Tomas Müller “Barselona”ya mümkün keçidi ilə bağlı sualı cavablayıb.

Arena.az veteran futbolçunun müvafiq cavabını təqdim edir:

“Əgər məni çox yaxşı tanıyan Hansi Flik, mənə zəng etsəydi və “Barselona”nın layihəsini bəyənsəydim, özlüyümdə, bənzər mənzərəni təsəvvür edə bilərdim. “Barsa” – birincidərəcəli klubdur və səndən nə gözlədiklərini bilirsən”, deyə Müller vurğulayıb.

Xatırladaq ki, 2024/2025-ci illər mövsümünün başa çatması ilə Tomas Müller 25 il ərzində uğurları üçün çalışdığı Almaniya nəhəngi “Bayern”dən ayrılmışdı. Alman futbolçu “Bayern”i “Vankuver Uaytkeps”ə dəyişmişdi. O, Kanada klubu ilə 2025-ci ilin 31 dekabrına qədər anlaşıb. Amma tərəflər sonradan müqavilənin müddətini daha 1 il artıra bilərlər.

Müller Kanada klubunun heyətində meydana çıxdığı 10 oyunda 9 qol vurub, 4 məhsuldar ötürmə verib.

Müller “Bayern”in məzunudur. Veteran hücumçu 2000-ci ildən Münhen təmsilçisinin düşərgəsində olub və 2009-cu ilin iyul ayından klubun əsas komandasında çıxış edib. Müllerin “Bayern”in heyətində çıxışının mənzərəsi 756 oyun, 250 qol, 276 məhsuldar ötürmədən ibarətdir.

Müller 2010-cu ilin mart ayında debüt etdiyi Almaniya yığmasının heyətində 131 oyuna 45 qol və 41 məhsuldar ötürmə ilə fərqlənib.

Müllerin zəngin qənimətlər muzeyi var. Tomas “Bayern”lə 13 dəfə Almaniya Bundesliqasının, 6 dəfə Almaniya Kubokunun, 8 dəfə Almaniya Super Kubokunun, 2 dəfə Çempionlar Liqasının, 2 dəfə UEFA Super Kubokunun, 2 dəfə FIFA Klub Dünya Kubokunun qalibi olub. Müller həmçinin 2 dəfə Almaniya Kubokunun (2009/2010 – 4 qol, 2013/2014 – 8 qol) ən sərrast futbolçusu olub. Veteran hücumçu həmçinin “bundestim”lə DÇ-2014-ün qalibi adını qazanıb.

Müller “Bayern” üçün oyunların sayına görə klubun rekordçusu, vurduğu qolların sayına görə isə ən sərrast üçüncü qolçudur.

“Transfermarkt” internet-portalı 36 yaşlı veteran hücumçunun transfer dəyərini 6 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri istədiklərinizlə paylaşın
error: Məzmun qorunur!
Seçilən
13
50
arena.az

10Mənbələr