AZ

“Harri Keyn həqiqətən yaxşı, zəkalı mərkəz hücumçusudur”

Futbol üzrə İngiltərə yığma komandasının keçmiş yarımmüdafiəçisi Kris Uoddl “Bayern”in ulduz hücumçusu Harri Keyn haqda söhbət açıb.

Arena.az veteran futbolçunun müvafiq açıqlamasını təqdim edir:

“Harri həqiqətən yaxşı, zəkalı mərkəz hücumçusudur. Deyirlər, o, kifayət qədər cəld deyil və ya bu qəbildən sözlər, amma bütün karyerası ərzində o, çıxış etdiyi hər yerdə qollar vurub”, deyə Uoddl vurğulayıb.

Yeri gəlmişkən qeyd edək ki, Keyn yeni uğura imza atıb. 32 yaşlı hücumçu bunu DÇ-2026-nın seçmə mərhələsindəki uğulu çıxışı ilə bacarıb. Belə ki, Harri dünya çempionatı və Avropa çempionatının seçmə mərhələlərinin bombardiri olub. Forvard əsas turnirlərin seçmə oyunlarında 40 qol vurub. İngiltərə yığması isə seçmə mərhələni maksimum nəticə ilə – 24 xalla başa vurub.

Xatırladaq ki, Harri Keyn “Tottenhem”in yetirməsidir. İngilis hücumçu 2023-cü ilin avqust ayında 100 milyon avro məbləğ müqabilində elə, London klubundan “Bayern”ə keçib. Harrinin Münhen klubu ilə müqaviləsinin müddəti 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Keyn “Bayern” üçün bütün yarışlarda 17 oyuna çıxıb, 23 qol və 3 məhsuldar ötürmə ilə fərqlənib.

Harri Keynin Almaniya nəhənginin heyətində çıxışının ümumi mənzərəsi 113 oyun, 108 qol və 29 məhsuldar ötürmədən ibarətdir.

Keyn 2015-ci ilin mart ayında debüt etdiyi İngiltərə yığma komandasının heyətində 113 oyuna 78 qol və 19 məhsuldar ötürmə ilə fərqlənib. Keyn İngiltərə yığmasının ən sərrast qolçusudur.

“Transfermarkt” internet-portalı 32 yaşlı ingilis hücumçunun transfer dəyərini 75 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri istədiklərinizlə paylaşın
error: Məzmun qorunur!
Seçilən
42
15
arena.az

10Mənbələr