Bakı şəhəri, Yasamal rayonunda – Mirəli Seyidov küçəsində yerləşən çoxmərtəbəli binada ötən gecə baş verən yanğın bütün ölkəni sarsıtdı. Hadisə nəticəsində binada yaşayan, komendant Samir Məmmədov (1983), azyaşlı Arzu Qənbərli (2018) və Bakı Milli Geyim Evinin rəhbəri, 48 yaşlı Könül Vəlibəyli həlak oldu. Könül xanımın qızı Ləmanın vəziyyətinin ağır olduğu bildirilir. Ümumilikdə 27 nəfər tüstüdən zəhərlənib.
Musavat.com-un əməkdaşı hadisə yerində olub.
Səhər saatlarında bina boşaldılıb. Pilləkənləri bürüyən qoxu və kül izləri gecənin necə dəhşətli keçdiyini açıq göstərir.
Sakinlər deyir ki, bu faciə göz görə-görə gəlib.
Onların sözlərinə görə, binanın zirzəmisində uzun müddətdir fəaliyyət göstərən “Loft” restoranı elektrik xəttini həddindən artıq yükləyirmiş.
“Hibrid maşınları “zaryadka”ya qoyurdular, naqillər tab gətirmədi”, - deyə bir sakin danışır.
Sakinlərin iddiasına görə, restoranın elektrik sisteminə müdaxiləsi, naqillərin normadan artıq yüklənməsi və cihazların izinsiz istifadəsi binanın təhlükəsizliyini çoxdan şübhə altına almışdı.
Sakinlər bildirir ki, restoran fəaliyyətə başlayandan sonra binada işıq, su, qaz fasilələrlə kəsilib. Narazılıqlarını aidiyyəti qurumlara çatdırsalar da, nəticə olmayıb.
“Texniki işçimizi döymüşdülər. Şikayət etdikcə daha da hədələnirdik”, - deyə digər sakin bildirir.
Hazırda binaya nə qaz, nə elektrik, nə də su verilir. İnsanlar öz evlərini tərk etməyə məcbur olublar.
Gənc ana Musavat.com-a göz yaşları içində deyir:
“Uşağımı xəstəxanada qoymuşam. Çünki evimə qayıda bilmərəm. Kirayəyə çıxmağa pulum yoxdur. Çox çarəsizik”.
Binanın sakini, jurnalist Heydər Mirzə də uzun müddətdir restoranla bağlı təhlükələr barədə xəbərdarlıq etdiklərini bildirir:
“‘Loft” 2 il əvvəl açılıb. Binanın qarajının yarısını mənimsəyiblər. Üç gün əvvəl yanıq qoxusuyla bağlı şikayət edən baş ustaya restoranda əl qaldırıblar. Hər gün 5-ci mərtəbəyə qədər səs-küy gəlirdi”.
O, restoranın həm qanunsuz genişləndiyini, həm də başqa xoşagəlməz fəaliyyətlərlə bağlı şübhələr olduğunu deyir. Sakinlər bir müddət əvvəl Yasamal Rayon Məhkəməsinə müraciət etsələr də, qərar restoranın xeyrinə verilib.
Səhər saatlarında Baş Prokurorluq hadisə ilə bağlı məlumat yayıb. Qurum bildirib ki, yanğının səbəblərinin müəyyənləşdirilməsi üçün istintaq aparılır, ekspertizalar təyin olunub və cinayət işi başlanıb. Zəhərlənənlərin vəziyyətinin qənaətbəxş olduğu deyilir.
FHN-in məlumatına görə, yanğın binanın elektrik şaxtasında başlayıb və tam söndürülüb. Mənzilləri xilas etmək mümkün olub.
Hadisə yerində hələ də tüstü iyi duyulur. Sakinlərin danışdıqları isə bir faciənin necə addım-addım yaxınlaşdığını göstərir:
“İllərdir şikayət edirdik, heç kim eşitmirdi. Bu binanın əvvəlki sahibi Abbas adlı şəxs zirzəmini restoran sahibinə satdı. Bütün problemlər də buradan başladı. Bir gün belə faciənin olacağını bilirdik”.
“Loft” restoranının rəhbərliyi Yasamal rayonunda baş verən yanğınla bağlı ittihamları rədd edib.
Bildirilib ki, yanğın restoranın daxilində deyil, binada baş verib:
“Əgər yanğın restoranda baş versəydi, obyektin hər hansısa hissəsi zərər görə bilərdi. Amma restoran heç bir ziyan çəkməyib. Üstəlik, restoranın üzərində yerləşən stomatoloji mərkəzə də heç bir zərər dəyməyib. İddiaları qəbul etmirik. Dövlətimiz var, araşdırma aparılacaq və hər şey aydın olacaq”.
Şahanə Rəhimli
Musavat.com