AZ

“8-ci km”in “qara balıq bazarı”: Zəhərmi, yoxsa dolanışıq? – FOTOLAR

Paytaxt Bakı küçələrinin dəyişməyən mənzərələrindən biri - bazarların ətrafında acıq havada hisə verilmiş balıqların satışıdır. Qida təhlükəsizliyi ilə bağlı bütün xəbərdarlıqlara, mütəxəssislərin illərdir səsləndirdiyi "açıq havada riskli məhsul almaq olmaz" çağırışlarına baxmayaraq, bu satışlar qışın şaxtasında da, yayın istisində də, tozun-çirkin içində də davam edir. Sanki Bakının küçələri öz qanunlarını yaradıb, bu qanunların içində də “satıcı - alıcı” münasibəti oturuşub: kim satırsa satır, kim alırsa alır, amma qida təhlükəsizliyi bu mənzərədə hər gün bir az daha arxa plana keçir.

Musavat.com-un əməkdaşı “8-ci km bazarı”nın ətrafında apardığı müşahidələr zamanı bu “köhnə tanış” mənzərənin qarşısında dayanmalı olur.

Küçənin kənarında balıq sıraları, alıcıları cəlb etmək üçün satıcıların “təzədir, təmizdir” səsləri… Hər şey adi görünür, amma adi olmayan məqam odur ki, bu qidalar nə gigiyenik şəraiti olan vitrində, nə də soyuducuda saxlanılır.

6dfed60f-3a10-4c87-8c14-0066f10e1cea.jpg

Satıcılardan birinə – 71 yaşlı Dilbər xanıma yaxınlaşıram. Yerdə açdığı kartonun üstündə üç iri balıq qalıb. Yaxınlaşanda sanki köhnə tanışı ilə görüşürəm, elə sakit, elə arxayın danışır ki, bu mənzərənin içində heç nə onu narahat etmir.

Deyir ki, balıqları Lənkərandan gətirir. Orada bir balıq sexi var, oradan alırmış. Ayda iki dəfə Lənkərana gedir, 15 qutu balıq alır, hər qutuda da 15 kilo hisə verilmiş balıq olur. “Son qalan 3 balıqdır, al, qurtarsın” – deyə zarafat da edir. Qiyməti 4 manatdır, özü üçün az, alıcı üçün sərfəli, amma risk baxımından olduqca bahalı.

Dilbər xanımla söhbət dərinləşdikcə məlum olur ki, həyat hekayəsi də bu balıqlar kimi çöldə, küləyin altında formalaşıb. Keşlədə gündəlik evlərdən birində kirayə qalır, günü 2 manata. Lənkərandan Bakıya gəlməyinin səbəbi isə daha ağırdır: “Orda iş yoxdur, güzəran yoxdur. Nəvələrimin güzəranı üçün bura gəlib satıram. Mən yeməsəm də, onlar yesin”.

Qadın, əlbəttə, öz satışını tərifləyir: “Özümüz yeyirik, heç nə olmur. Qorxmayın”. Onun üçün bu balıq həm çörəkdir, həm ümiddir, həm də Bakının kənarında qurduğu kiçik həyatıdır.

46f4cec5-630c-4101-bf9a-ccf13dfe9c51.jpg

Bir az aralıda başqa bir xanım satışla məşğuldur. O isə Masallıdan gəldiyini bildirir. Çapaq balığını 8–12 manata satır, qiymət ölçüsünə görə dəyişir. Deyir ki, bu balıqlar Azərbaycana Həştərxandan gətirilir və son 8 ayda Həştərxandan heç balıq gəlməyibmiş: “Axır ki, gətirə bildilər. Bu balığın xüsusi müştəriləri var. Alan var ki, aparıb Yaponiyaya göndərir. Dondurub ABŞ-a yollayan da var. Mənim müştərim sabitdir”.

O da iddia edir ki, açıq havada satılan balıqların təhlükəsi yoxdur: “Hisə verilib, duzlanıb, nədən zəhərlənmə verəcək ki?”.

c56fa9ce-323e-4d7f-9939-ed5d1b2c9c7d.jpg

Bazarda satıcıların bu qədər arxayın olması, alıcıların isə qida təhlükəsizliyini ikinci plana atması, əslində, paytaxtda illərdir davam edən sistemsizliyin göstəricisidir. Burada hər kəsin öz həqiqəti var: satıcı üçün bu, güzəran yoludur; alıcı üçün ucuz məhsuldur; amma şəhər və səhiyyə mütəxəssisləri üçün açıq havada risk daşıyan qidadır.

Bakı küçələrinin bu duzlu balıqları təkcə bir məhsul deyil, həm də sosial mənzərədir – insanların çarəsizliyinin, qida təhlükəsizliyinə nəzarətdə boşluqların və bazarlarda illərlə “toxunulmaz” qalan xaosun təsviri.

Şahanə Rəhimli,
Musavat.com

Seçilən
39
50
musavat.com

10Mənbələr