Amerika prezidenti Donald Trampın Rusiya-Ukrayna müharibəsi ilə bağlı 28 bəndlik sülh planından sonra Birləşmiş Ştatlarla Avropa İttifaqı arasında dərin fikir ayrılığı yaranıb. Birlik ölkələri heç cür bu bəndlərlə razılaşmaq istəmirlər.
Bunun nəticəsidir ki, Anqolanın paytaxtı Luandada Avropa İttifaqı dövlətləri liderlərinin iştirakı ilə Ukraynada sülh planı ilə bağlı qeyri-rəsmi sammit keçiriləcək.
APA xəbər verir ki, bu barədə “Evropeyskaya pravda” öz mənbələrinə istinadən məlumat yayıb.
Aİ-nin on lideri tədbirdə iştirak edir, digər liderlər isə video əlaqə vasitəsilə tədbirə qatılıblar.
"Qeyri-rəsmi sammit davam edir. Toplantıya Avropa Şurasının prezidenti rəhbərlik edir. Avropa Komissiyasının prezidenti Ursula von der Leyen, eləcə də Polşa, İspaniya, Çexiya, Portuqaliya, Almaniya, Xorvatiya, Slovakiya, Niderland, İtaliya və İrlandiya liderləri iştirak edirlər", – mənbə bildirib.
Eyni zamanda, Avstriya, Belçika, Bolqarıstan, Kipr, Danimarka, Estoniya, Yunanıstan, Finlandiya, Fransa, Macarıstan, Latviya, Litva, Lüksemburq, Malta, Rumıniya, Sloveniya və İsveç liderləri də onlayn toplantıya qatılıblar.
Gündəlikdəki əsas məsələ – Ukraynadakı sülh planı üzrə Aİ-nın mövqeyi, 23 noyabrda Cenevrədəki danışıqların nəticələri və Avropa İttifaqının gələcək birgə fəaliyyət planlarının müzakirəsidir.
Aİ-nin dirənişi nəticə verəcəkmi? Amerika ilə Avropanın digər ölkələri üz-üzə gələ bilərmi?

Şəhla Cəlilzadə
Beynəlxalq münasibətlər üzrə şərhçi Şəhla Cəlilzadə istənilən halda Rusiyanın “Pirr qələbəsi” qazanacağını düşünür. O, gələcəklə bağlı təxminlərini Musavat.com-la bölüşdü: “Dünən Cenevrədə baş tutan ABŞ-Ukrayna dövlət rəsmilərinin danışıqlarında Avropa üçlüsü – Böyük Britaniya, Fransa və Almaniyanın təhlükəsizlik strukturlarının təmsilçiləri də iştirak edirdi. Bu, ABŞ-ın Avropanı Ukrayna-Rusiya sülh danışıqları barədə məlumatlandırmaq, lakin prosesin özündən, mümkün razılaşmalardan kənar tutmaq cəhdinin bir parçası da sayıla bilər. Lakin Avropa bu rolu qəbul etməyəcəyini açıq şəkildə ifadə etdi. Çünki, müharibə Avropa ərazisində gedir və faktiki, Avropa ölkələrinin dəstəyi, büdcə yardımları ilə davam etdirilir. Odur ki, Avropa danışıqlarda bərabərhüquqlu iştirakçı olmağa, öz maraqlarının mümkün sazişdə əks olunmasına çalışır. Xüsusilə faydalı qazıntı yataqlarında Avropa da pay sahibi olmağa çalışacaq. Luandadakı danışıqların əsas mahiyyəti kimi məhz Ukraynanın bərpasına yardım, investisiyalar və Avropanın buradakı maraqları qeyd oluna bilər. Ümumilikdə isə Avropanın danışıqlara təsirinin nəticəsi o oldu ki, Trampın 28 maddəlik sülh planı yeni 24 maddəlik planla əvəzləndi. Yeni razılaşma Ukrayna üçün bir sıra şərtlərin yumşaldılmasını, o cümlədən NATO-ya üzvlüyü imkanlarının ittifaq üzvlərinin konsesusuna bağlanmasını, hərbi qüvvələrinin sayına tətbiq olunacaq limitin aradan götürülməsini, suverenliyinin tanınmasının vurğulanmasını özündə ehtiva edir. İstənilən halda, Avropanın və ABŞ-ın Ukraynanın suverenliyinə nə qədər vurğu etməsindən asılı olmayan hər iki layihə Rusiya tərəfindən işğal olunan ərazilərin Rusiyada qalmasını təsdiqləyir. Başqa ifadə ilə, danışıqların hansı platformada aparılmasından asılı olmayaraq müharibə Ukrayna ərazilərinin parçalanması ilə, sülh danışıqları isə bunun rəsmiləşdirilməsi ilə nəticələnməkdədir və Ukrayna bunu tanımağa məcbur edilir. Çünki, bunun əksi yeni dünya müharibəsi deməkdir. Nə Avropa, nə də ABŞ buna hazır deyillər. Odur ki, vaxtilə 1938-ci ildə Sudet Hitler Almaniyaya güzəşt edildiyi kimi, Ukraynanın Donbas ərazisi də Rusiyaya güzəşt edilir. Lakin bu Rusiya üçün “Pirr qələbəsi” də adlandırıla bilər. Strateji və uzaq perspektivdə işğal siyasəti məğlubiyyətə məhkumdur”.
Cavanşir ABBASLI
Musavat.com