“Qarabağ”ın U-19 komandası bu gün UEFA Gənclər Liqasının 2025/26 mövsümünün əsas mərhələsində növbəti oyununu keçirib.
Arena.az xəbər verir ki, Rəşad Sadiqovun baş məşqçisi olduğu kollektiv İtaliyada “Napoli”nin müvafiq yaş qrupundan ibarət komandası ilə üz-üzə gəlib.
Liqa mərhələsinin 5-ci turu çərçivəsində baş tutmuş oyun “Cüzeppe Pikkolo” stadionunda keçirilib. Matçı Çexiyadan olan hakim Dominik Stari idarə edib. Azərbaycan təmsilçisi İtaliya komandasına 0:2 hesabı ilə məğlub olub.
Sözügedən matç 61-ci dəqiqədə şiddətli yağış səbəbindən yarıda dayandırılıb. Təxminən 30 dəqiqəlik fasilədən sonra matç qaldığı yerdən davam etdirilib.
Xatırladaq ki, əvvəlki 4 qarşılaşmada da uduzmuş Ağdam təmsilçisinin U-19 komandası Liqa mərhələsində sonuncu – 36-cı pillədə qərarlaşıb. Komanda Portuqaliyanın “Benfika” kollektivinə 1:7, Danimarka “Kopenhagen”inə 0:5, İspaniya “Atletiki”nə (Bilbao) 0:3, İngiltərə “Çelsi”sinə isə 0:5 hesabıyla məğlub olmuşdu.
“Napoli” isə 4 turda topladığı 3 xalla 25-ci idi. İtaliya təmsilçisi ilk turda “Mançester Siti”yə (İngiltərə) 0:2 hesabıyla uduzmuş, “Sportinq”lə (Portuqaliya) 1:1, PSV (Niderland) və “Ayntraxt”la (Almaniya) da qolsuz heç-heçəyə razılaşmışdı.
UEFA Gənclər Liqası
Liqa mərhələsi, 5-ci tur
25 noyabr
Napoli – Qarabağ 2:0
Baş hakim: Dominik Stari (Çexiya).
Çerkola. “Cüzeppe Pikkolo” stadionu. Saat 17:00.
