Şahmat üzrə qadınlardan ibarət Azərbaycan millisi İspaniyanın Linares şəhərində keçirilən dünya çempionatında final görüşünə çıxıb.
Arena.az xəbər verir ki, millimiz həlledici görüşdə FİDE komandası ilə qarşılaşıb.
Ülviyyə Fətəliyeva, Gövhər Beydullayeva, Xanım Balacayeva, Gülnar Məmmədova və Ayan Allahverdiyevadan ibarət komandamız finalda uğurun davamını gətirə bilməyib. Millimiz ilk görüşdə 1:3, ikinci qarşılaşmada isə 1,5:2,5 hesabı ilə uduzub.
Finalda məğlub olmasına baxmayaraq, Azərbaycan millisi tarixi uğura imza atıb. Yığmamız ilk dəfə olaraq dünya çempionatının gümüş medalını qazanıb. Bu nəticə ölkə şahmat tarixində qadın komandasının ən böyük nailiyyətlərindən biri kimi dəyərləndirilir.
Komandanın lideri, birinci lövhədə çıxış edən Ülviyyə Fətəliyeva 10 partiyada 6 xal toplayaraq bütün rəqiblərini geridə qoyub və fərdi hesabda qızıl medala layiq görülüb.
Xatırladaq ki, Azərbaycan millisi qrup mərhələsində Peru (3:1) və İspaniyanı (3,5:0,5) məğlub etsə də, Qazaxıstan (1,5:2,5), ABŞ (0,5:3,5) və FİDE komandasına (1:3) məğlub olmuşdu. Topladığı 4 xalla A qrupunda dördüncü olmuş millimiz nu nəticə ilə 1/4 finala vəsiqə qazanmışdı. Azərbaycanlı xanımlar bu mərhələdə Gürcüstan komandasını (2,5-1,5), yarımfinalda isə Qazaxıstan (2:2, 2:2, taybrekdə 3:1) kollektivini üstələmişdilər.
