Azərbaycanlı yarımmüdafiəçi Rüfət Abdullazadə Xorvatiyanın “Varajdin” komandasının Zaqreb “Dinamo”su ilə matçında şans qazanmayıb.
Arena.az xəbər verir ki, futbolçumuzun komandası Xorvatiya çempionatının 2025/2026-cı illər mövsümünün 14-cü turu çərçivəsində Zaqreb “Dinamo”su ilə qarşılaşıb.
“Varajdin” səfərdə baş tutmuş bu oyundan məğlubiyyətlə ayrılıb – 1:3. Azərbaycanlı vinger bu görüşü sonadək ehtiyat oyunçular skamyasından izləyib.
“Varajdin” 14 turdan sonra 19 xalla 10 iştirakçı arasında 4-cü pillədə qərarlaşıb. Bu komanda keçirdiyi 14 oyunda 5 qələbə qazanıb, 4 heç-heçə edib, 5 məğlubiyyətə üzülüb.
Xatırladaq ki, Rüfət Abdullazadə Xorvatiya klubuna bu ilin yayında “Səbail”dən keçib. O, “Varajdin”lə 3 illik müqavilə imzalayıb. Ötən mövsümün nəticələrinə görə Azərbaycan Premyer Liqasını tərk etmiş və Birinci Liqaya düşmüş Bayıl təmsilçisi 24 yaşlı hücumçu üçün təxminən 200 min avro təzminat alıb. Abdullazadə indiyə qədər “Varajdin”də 10 rəsmi oyun keçirib, 1 qol vurub, 2 məhsuldar ötürmə müəllifi olub.
Abdullazadə “Sumqayıt”ın yetirməsidir. O, 2023-cü ildə “Səbail”ə keçmişdi. Rüfət “Sumqayıt”da 76 (1 qol, 6 assist), “Səbail”də isə 75 (15 qol, 14 assist) oyun keçirib. Azərbaycanın U-17 və U-21 yığmalarında oynamış Rüfətə əsas millimizdə debüt qismət olmayıb.
