Biz ABŞ hakimiyyətinin Gürcüstana münasibətinin müsbətə doğru dəyişəcəyinə ümid edirik.
AZƏRTAC xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze jurnalistlərə açıqlamasında deyib.
O deyib ki, rəsmi Tbilisi ABŞ-ın mövqeyinin dəyişəcəyini səbirlə gözləyir. “Biz ümid edirik ki, 2024-cü ilədək Gürcüstana münasibətdə mövcud olmuş tamamilə kobud və ədalətsiz münasibət dəyişəcək. Biz bəyanatlar vermişik və cavabı gözləyirik. Hərəkətlərimiz cavaba uyğun olacaq”, - deyə Kobaxidze bildirib.
Qeyd edək ki, ABŞ Gürcüstanla strateji tərəfdaşlığı ötən il noyabrın 30-da dayandırıb. Vaşinqton bu qərarı Gürcüstan hökumətinin Avropa İttifaqına üzvlüklə bağlı danışıqları 2028-ci ilədək gündəmə gətirməyəcəyini açıqlayandan sonra qəbul edib.
Gürcüstan hökuməti ABŞ ilə strateji tərəfdaşlığı konkret yol xəritəsi əsasında bərpa etməyə hazır olduğunu dəfələrlə bəyan edib.