
Bərdə rayonunun Alpoud kəndində yerləşən heyvan satışı bazarının fəaliyyəti bərpa edilib.
Bu barədə Missiya.Az-a Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.
Bildirilib ki, bazarın girişində baytarlıq nəzarəti məntəqəsi tikilib, dezbaryer quraşdırılıb. Bundan başqa, heyvanlara baxış platformaları inşa edilib. Çardaqlar və satış pavilyonları qurulub. Ərazidə asfaltlama və betonlama işləri görülüb. Heyvanlar üçün su və yemlə təminat yaxşılaşdırılıb. Tullantıların daşınması və digər tələblərə uyğun şərait yaradılıb.
Hazırda bir neçə heyvan bazarında da rekonstruksiya işləri aparılır. Göygöl, Göyçay və Salyan rayonlarında yerləşən heyvan bazarlarında biotəhlükəsizlik tələblərinə uyğun olaraq görülən işlərin qiymətləndirilməsi aparılıb. Yaxın günlərdə bu bazarların da yenidən fəaliyyətə başlaması məsələsinə baxılacaq. Eyni zamanda Ağcabədi, Beyləqan, Biləsuvar, Masallı, Şamaxı və Abşeron rayonlarında yerləşən heyvan bazarlarında da təqdim edilmiş eskiz layihələri əsasında intensiv iş gedir.
Agentlik bildirir ki, biotəhlükəsizlik tələblərinə uyğun qurulan heyvan bazarlarında baytarlıq nəzarəti ilə yanaşı, heyvanların qeydiyyatı aparılaraq, izləmə sistemi qurulacaq.
Xatırladaq ki, AQTA-nın "Ölkə ərazisinin xarici ölkələrdən keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunması məqsədilə epizootoloji nəzarətin gücləndirilməsi haqqında" Qərarına əsasən, oktyabrın 25-dən etibarən Azərbaycanda heyvan bazarlarının fəaliyyəti müvəqqəti olaraq dayandırılıb.