Bərdə rayonunun Alpoud kəndində yerləşən heyvan satışı bazarının fəaliyyəti bərpa edilib.
Hurriyyet.az xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.
Bazarın girişində baytarlıq nəzarəti məntəqəsi tikilib, dezbaryer quraşdırılıb. Bundan başqa, heyvanlara baxış platformaları inşa edilib. Çardaqlar və satış pavilyonları qurulub. Ərazidə asfaltlama və betonlama işləri görülüb. Heyvan rifahı üçün su və yemlə təminat yaxşılaşdırılıb. Tullantıların daşınması və digər tələblərə uyğun şərait yaradılıb.
Hazırda Göygöl, Göyçay və Salyan rayonlarında yerləşən heyvan bazarlarında biotəhlükəsizlik tələblərinə uyğun olaraq görülən işlərin qiymətləndirilməsi aparılıb. Yaxın günlərdə bu bazarların da yenidən fəaliyyətə başlaması məsələsinə baxılacaq. Ağcabədi, Beyləqan, Biləsuvar, Masallı, Şamaxı və Abşeron rayonlarında yerləşən heyvan bazarlarında da təqdim edilmiş eskiz layihələri əsasında intensiv iş gedir.