AZ

Bərdədə heyvan satışı bazarı fəaliyyətə başlayıb

Bakı, 16 dekabr, AZƏRTAC

Bərdə rayonunun Alpoud kəndində heyvan satışı bazarı fəaliyyətə başlayıb. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən həyata keçirilən qiymətləndirmənin nəticələrinə əsasən, biotəhlükəsizlik tələbləri təmin edilərək bazar yenidən qurulub.

AQTA-nın İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, bazarın girişində baytarlıq nəzarəti məntəqəsi tikilib, dezbaryer quraşdırılıb.

Bundan başqa, heyvanlara baxış platformaları inşa edilib. Çardaqlar və satış pavilyonları qurulub. Ərazidə asfaltlama və betonlama işləri görülüb. Heyvan rifahı üçün su və yemlə təminat yaxşılaşdırılıb. Tullantıların daşınması və digər tələblərə uyğun şərait yaradılıb.

Hazırda bir neçə heyvan bazarında da yenidənqurma işləri aparılır. Göygöl, Göyçay və Salyan rayonlarındakı heyvan bazarlarında biotəhlükəsizlik tələblərinə uyğun olaraq görülən işlərin qiymətləndirilməsi aparılıb. Yaxın günlərdə həmin bazarların da yenidən fəaliyyətə başlaması məsələsinə baxılacaq.

Eyni zamanda, Ağcabədi, Beyləqan, Biləsuvar, Masallı, Şamaxı və Abşeron rayonlarındakı heyvan bazarlarında da təqdim edilmiş eskiz layihələri əsasında intensiv iş gedir. Belə ki, həmin heyvan bazarlarında AQTA-nın Kollegiyasının 50 nömrəli Qərarı ilə təsdiq olunmuş “Heyvan bazarlarına dair baytarlıq-sanitariya norma və qaydaları”na uyğun olaraq, rekonstruksiya işləri icra olunur.

Agentlik bildirir ki, biotəhlükəsizlik tələblərinə uyğun qurulan heyvan bazarlarında baytarlıq nəzarəti ilə yanaşı, heyvanların qeydiyyatı aparılaraq, izləmə sistemi qurulacaq. Bütün görülən işlər insan və heyvan sağlamlığının qorunmasına, əhalinin təhlükəsiz qida məhsulları ilə təmin edilməsinə xidmət edir.

Seçilən
72
21
azertag.az

10Mənbələr