FIFA 2026-cı ildə keçiriləcək futbol üzrə dünya çempionatının (DÇ-2026) final mərhələsinin rekord həcmdə mükafat fondunu açıqlayıb.
Arena.az bu barədə FIFA-nın mətbuat xidmətinə istinadən xəbər verir.
Mundialın ümumi mükafat fondu 727 milyon ABŞ dolları təşkil edəcək.
Bu məbləğin 655 milyon dolları turnirdə iştirak edəcək 48 milli komanda arasında bölünəcək ki, bu da əvvəlki mundialla müqayisədə təxminən 50 faiz çoxdur.
Mükafatların bölgüsü aşağıdakı kimidir:
1-ci yer – 50 milyon dollar
2-ci yer – 33 milyon dollar
3-cü yer – 29 milyon dollar
4-cü yer – 27 milyon dollar
5–8-ci yerlər – 19 milyon dollar
9–16-cı yerlər – 15 milyon dollar
17–32-ci yerlər – 11 milyon dollar
33–48-ci yerlər – 9 milyon dollar
Bundan əlavə, final mərhələsinə vəsiqə qazanmış hər bir yığmaya hazırlıq xərclərinin qarşılanması üçün 1,5 milyon dollar ayrılacaq.
Beləliklə, mundialın bütün iştirakçılarının minimum 10,5 milyon dollar gəlir əldə edəcəyi dəqiqləşib.
Xatırladaq ki, dünya çempionatı 2026-cı il iyunun 11-dən iyulun 19-na qədər ABŞ, Kanada və Meksikada keçiriləcək.
