Bir neçə gün öncə “Fluminense”dən azad agent kimi ayrılmış Braziliya millisinin sabiq müdafiəçisi Tyaqo Silva özünə yeni klub tapıb.
Arena.az xəbər verir ki, 41 yaşlı futbolçu bundan sonra Portuqaliyanın “Portu” klubunun uğurları üçün çalışacaq.
Bu barədə sözügedən klubun mətbuat xidməti məlumat yayıb. Tərəflər 6 ay + 1 illik müqavilə bağlayıblar.
Xatırladaq ki, “Portu” Tyaqo üçün tanış klubdur. O, 2004/2005-ci illər mövsümündə də Portuqaliya klubunun formasını geyinib. Amma həmin vaxt braziliyalı futbolçu bu klubun B komandasında çıxış edib və əsas komandada debüt imkanı qazanmayıb.
Xatırladaq ki, Silva 2024-cü ilin yayında “Çelsi”dən azad agent kimi ayrılaraq “Fluminense” ilə müqavilə bağlamışdı. O, ötən mövsüm Braziliya komandasının heyətində 46 matça çıxıb, 4 qol vurub, 1 məhsuldar ötürmə verib.
Tyaqo 2006-2009-cu illərdə də “Fluminense”də çıxış edib. Müdafiəçi “Flu”nun heyətində bütövlükdə 185 oyuna 18 qol, 5 məhsuldar ötürmə ilə fərqlənib.
Silva karyerası ərzində Avropada “Milan” (İtaliya), PSJ (Fransa) və “Çelsi”nin (İngiltərə), Braziliyada “Yuventude”nin də formasını geyinib.
Tyaqo Silva 2008-ci ilin oktyabrında debüt etdiyi və mütəmadi olaraq kapitan sarğısını daşıdığı Braziliya millisinin heyətində 113 oyun keçirib, 7 qol vurub, 4 məhsuldar ötürmə verib. Müdafiəçi “selesao” ilə 2012 Konfederasiyalar Kubokunu, 2019 Amerika Kubokunu qazanıb, həmçinin zədələnərək ehtiyatda qaldığı DÇ-2014-də fəxri 4-cü yeri tutub. Bununla yanaşı, Silvanın medal kolleksiyasında 2021 Amerika Kubokunun gümüş, Yay Olimpiya Oyunlarının bürünc (2008) və gümüş (2012) medalları var.
“Transfermarkt” internet-portalı 41 yaşlı futbolçunun tansfer dəyərini 600 min avro məbləğində qiymətləndirir.

