Təhsil Tələbə Kredit Fondunun (TTK) fəaliyyət göstərdiyi 4 il ərzində fonda ümumilikdə 86 239 müraciət daxil olub.
Modern.az xəbər verir ki, bu barədə TTK-nın 4 illik fəaliyyətinə dair hesabat tədbirində Fondun İdarə Heyətinin sədri Bəhruz Əzimov məlumat verib.
Sədr qeyd edib ki, bu müraciətlərdən 70 393-ü rəsmiləşdirilib.
“Müraciətlərin və rəsmi kreditlərin sayı illər üzrə artan dinamika nümayiş etdirib. Xüsusilə 2023–2024 və 2024–2025-ci tədris illərində həm müraciət, həm də rəsmiləşmə göstəricilərində əhəmiyyətli artım qeydə alınıb”.
Hesabatda kreditlərin növlər üzrə bölgüsü də açıqlanıb:
“Belə ki, rəsmiləşdirilən 70 393 kreditdən 24 437-si (35 faiz) sosial təhsil tələbə kreditlərinin, 45 956-sı (65 faiz) isə standart təhsil tələbə kreditlərinin payına düşür.
Gender bölgüsünə görə isə təhsil tələbə kreditlərindən daha çox qadınlar yararlanıb. Belə ki, rəsmi kredit alanların 44 071-i (63 faiz) qadın, 26 322-si (37 faiz) isə kişilərdir.
Qeyd edilib ki, bu göstəricilər Təhsil Tələbə Kredit Fondunun fəaliyyətinin genişləndiyini və ali təhsilin maliyyələşdirilməsində mühüm rol oynadığını göstərir.