Futbol üzrə Portuqaliya milli komandasının və “Əl-Nəsr”in hücumçusu Kristiano Ronaldo 2025-ci ildə vurduğu qolların sayını 40-a çatdırıb.
Arena.az xəbər verir ki, o, bunu ötən gün Səudiyyə Ərəbistanı çempionatının 11-ci turunda “Əl-Oxdud”la matçda dubl etməklə bacarıb.
40 yaşlı futbolçu karyerasında 14-cü dəfə bir mövsümdə azı 40 qol həddinə çatıb. Ronaldo daha əvvəl 2010-2018, 2020-2021 və 2023-2025-ci illər aralıqlarında da buna nail olub. Onun ən yaxşı nəticəsi 2013-cü ildə rəqib qapılarından 63 qol keçirməsidir.
Qeyd edək ki, Ronaldo karyerası ərzində ümumilikdə 956 qol vurub.
Kristiano Ronaldo 2023-cü ilin yanvar ayından “Əl-Nəsr”də çıxış edir. Portuqal ulduz ərəb klubuna 2023-cü ilin yanvarında “Mançester Yunayted”dən azad agent qismində keçib. Ronaldonun “Əl-Nəsr”lə müqaviləsi 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
Cari mövsümdə Ronaldo “Əl-Nəsr”in heyətində 13 oyuna 11 qol və 3 məhsuldar ötürmə ilə fərqlənib. Kristianonun “Əl-Nəsr” karyerası ümumilikdə 119 oyun, 106 qol və 22 məhsuldar ötürmədən ibarətdir.
Kristiano Ronaldo “Əl-Nəsr”dən öncə “Real”, “Mançester Yunayted”, “Yuventus”, “Sportinq” (Lissabon) komandalarında çıxış edib. Portuqal ulduz bu komandaların hər biri ilə çoxsaylı qənimətlər qazanıb, müxtəlif rekordlara imza atıb. Ronaldo “Əl-Nəsr”lə də Ərəb Klublarının Çempionlar Kubokunu (2023) qazanıb.
Kristiano Ronaldo 2003-cü ildən formasını geyindiyi Portuqaliya yığmasının heyətində 226 oyuna 143 qol vurub və 46 məhsuldar ötürmə verib. Ronaldonun yığma komandanın heyətindəki oyun və qol sayı mütləq dünya rekordudur.
Ulduz futbolçu Portuqaliya yığmasının heyətində Avropa çempionatının (2016), UEFA Millətlər Liqasının (2019) qalibi, həmçinin Avropa çempionatını gümüş (2004) və bürünc (2012), FIFA Konfederasiyalar Kubokunun (2017) bürünc mükafatçısı olub.
“Transfermarkt” internet-portalı 40 yaşlı veteran hücumçunun transfer dəyərini 12 milyon avro məbləğində qiymətləndirir.
