Azərbaycanın işğaldan azad edilmiş ərazilərində məişət abonentləri üçün elektrik şəbəkəsinə qoşulmaq pulsuz olub.
Publika.az xəbər verir ki, bununla bağlı Tarif (Qiymət) Şurası qərar qəbul edib.
Məlumata görə, işğaldan azad edilmiş ərazilərdə elektrik enerjisi şəbəkəsinə qoşulma xidmətinə görə ödəniş məbləğlərinə güzəştlər müəyyən edilib.
Qarabağ və Şərqi Zəngəzurda paylayıcı şəbəkədə görülən yenidənqurma işlərinin böyük hissəsi dövlət əsaslı vəsait qoyuluşları hesabına maliyyələşdirilir. Bu istiqamətdə dövlət dəstəyinin davamı olaraq, "Azərişıq" ASC-nin təklifləri əsasında Tarif (qiymət) Şurasının iclasında işğaldan azad olunmuş ərazilərdə elektrik enerjisi şəbəkəsinə qoşulma xidmətinə görə ödəniş məbləğlərinə güzəştlər müəyyən edilib.
Məişət abonentlərinin, həmçinin istehlak gücü 20 kVt-a qədər olan qeyri-yaşayış obyektlərinin mövcud 0,4 kV-luq elektrik şəbəkəsinə 1 fazlı sxem üzrə qoşulması ödənişsiz olacaq.