Bakı, 30 dekabr, AZƏRTAC
Azərbaycanın işğaldan azad edilmiş ərazilərində məişət abonentləri üçün elektrik şəbəkəsinə qoşulmaq pulsuz olub.
AZƏRTAC xəbər verir ki, bununla bağlı Tarif (Qiymət) Şurası qərar qəbul edib.
Qərara görə, işğaldan azad edilmiş ərazilərdə elektrik enerjisi şəbəkəsinə qoşulma xidmətinə görə ödəniş məbləğlərinə güzəştlər müəyyən olunub.
Qarabağ və Şərqi Zəngəzurda paylayıcı şəbəkədə görülən yenidənqurma işlərinin böyük hissəsi dövlət əsaslı vəsait qoyuluşları hesabına maliyyələşdirilir. Bu istiqamətdə dövlət dəstəyinin davamı olaraq, "Azərişıq" ASC-nin təklifləri əsasında Tarif (qiymət) Şurasının iclasında işğaldan azad olunmuş ərazilərdə elektrik enerjisi şəbəkəsinə qoşulma xidmətinə görə ödəniş məbləğlərinə güzəştlər müəyyən edilib.
Məişət abonentlərinin, həmçinin istehlak gücü 20 kVt-a qədər olan qeyri-yaşayış obyektlərinin mövcud 0,4 kV-luq elektrik şəbəkəsinə 1 fazalı sxem üzrə qoşulması ödənişsiz olacaq.
İstehlak gücü 20 kVt-dan çox olan məişət abonentlərinin və istehlak gücü 200 kVt-a qədər olan qeyri-yaşayış obyektlərinin 0,4 kV-luq elektrik şəbəkəsinə 3 fazalı sxem üzrə qoşulmasına 65 faiz güzəşt tətbiq ediləcək.
Həmçinin istehlak gücü 200 kVt-a qədər (orta gərginlikli şəbəkədən) və 200 kVt-dan yuxarı olan qeyri-yaşayış obyektlərinin, habelə elektrik enerjisi istehsalçılarına aid tikinti obyektlərinin aşağı və orta gərginlikli elektrik şəbəkəsinə 3 fazalı sxem üzrə qoşulması ödənişsiz olacaq.
Bu sahədə tətbiq olunan güzəşt və azadolmalar abonentlər üçün elektrik şəbəkəsinə qoşulma prosesini daha əlçatan və sərfəli edəcək. Bu isə işğaldan azad edilmiş ərazilərdə əhalinin məskunlaşmasını dəstəkləməklə yanaşı, sahibkarlıq subyektlərinə əlavə stimul verəcək.
Enerji şəbəkəsinə qoşulma xərclərinin azalması sahibkarlar üçün layihələrin maliyyə səmərəliliyini artırır, yeni iş yerlərinin yaradılmasını dəstəkləyir.
Dəyişikliklər 2026-cı ilin yanvarın 1-dən qüvvəyə minəcək.