ABŞ-ın sabiq prezidenti Co Bayden Ağ Evdə vəzifə tutmuş keçmiş prezidentlər arasında ən yüksək dövlət pensiyasına layiq görülüb.
Editor.az bu barədə New York Post (NYP) nəşrinin yaydığı məlumata istinadla xəbər verir.
Məlumata əsasən, Bayden hazırda illik təxminən 417 min ABŞ dolları məbləğində pensiya alır. Bu rəqəm onun prezidentliyi dövründə aldığı maaşı da üstələyir. Sözügedən məbləğ eyni zamanda ABŞ-ın digər sabiq prezidenti Barak Obamanın aldığı pensiyadan təxminən iki dəfə çoxdur.
Milli Vergi Ödəyiciləri Fondunun vitse-prezidenti Damian Bredinin sözlərinə görə, Baydenin uzunmüddətli siyasi fəaliyyəti bu qədər yüksək pensiya almasının əsas səbəblərindən biridir. Ekspert bildirib ki, sabiq prezident vəzifədən ayrıldıqdan sonra ilk il ərzində iki ştatın pensiya fondlarından ödəniş almaq hüququ qazanıb.
Qeyd edək ki, bu yay Politico məlumatlı mənbələrə istinadən Baydenin təqaüddə olduqdan sonra təvazökar həyat tərzi sürdüyünü, dəbdəbədən uzaq durduğunu və əsasən kommersiya reysləri ilə səyahət etdiyini yazmışdı.
Xatırladaq ki, may ayında jurnalistlər Ceyk Taper və Aleks Tompsonun müəllifi olduqları “Orijinal Günah: Prezident Baydenin enişi, ört-basdır edilməsi və yenidən namizədliklə bağlı fəlakətli qərarı” adlı kitab nəşr olunub. Müəlliflər əvvəlki administrasiya dövründəki Ağ Ev mənbələrinə istinadən iddia edirlər ki, 2024-cü ilə qədər Baydenin kritik vəziyyətləri idarə etmə qabiliyyəti zəifləyib və o, hətta qapalı kabinet iclaslarında belə köməkçi qeydlərdən (şparqalka) istifadə edib.
//Gülnarə Abasova, Editor.az