AZ

Venesuela əməliyyatından sonra ABŞ-ın İrana hərbi müdaxilə ehtimalı yüksəlib- ÖZƏL

"Amerika Birləşmiş Ştatlarının Venesuela ərazisində həyata keçirdiyi hərbi əməliyyat nəticəsində Venesuela prezidenti Nikolas Maduronun tutularaq ABŞ-a aparılması və mühakimə olunacağı xəbərlərindən sonra belə bir versiya dövriyyəyə buraxıldı ki, guya ABŞ, Rusiya və Çin Amerika qitəsində əsas müttəfiqlərindən biri olan Venesuelada Nikolas Maduronun hakimiyyətdən getməsini Rusiyanın Ukraynanı, ABŞ Venesuelanı, Çin isə Tayvanı "götürməsi" şərti ilə aralarında razılaşıblar. Ancaq faktların analizi və proseslərin ardıcıllığı göstərir ki, Rusiya və Çinin ABŞ-la Venesuela ilə bağlı razılaşması mümkün deyil". Bunu "Olaylar"a siyasi şərhçi Vüqar Dadaşov deyib: "ABŞ prezidenti Donald Tramp hakimiyyətə gəldikdən sonra ilk açıqlamalarından biri Venesuelanın təbii ehtiyatları və torpaqları ilə bağlı açıq mesajlar verməsi idi. Nəzərə alsaq ki, Rusiya Venesuelada təkcə siyasi deyil, eyni zamanda hərbi mövcudluq nümayiş etdirir və bu ölkədən ABŞ-a qarşı təzyiq platforması kimi istifadə edirdi, bu halda isə Tramp administrasiyası ilə Venesuela ilə bağlı razılaşmanın mümkünsüz olduğunu göstərir.
Digər tərəfdən, Venesuelada Rusiya həm siyasi, həm diplomatik, həm də hərbi baxımdan məğlub vəziyyətə düşür, bu da Rusiyanın qlobal güc imicinə ciddi zərbədir. Əgər Rusiya Venesuelada prezident Maduronun təhlükədə olduğunu hiss etsəydi, onun da Askar Akayev, Viktor Yanukoviç, Bəşər Əsəd və sair kimi Rusiya ərazisinə köçürməklə təhlükəsizliyini təmin edərdi. Bu, eyni zamanda Rusiyanın müttəfiq liderlərə qarşı sadiqlik və beynəlxalq aləmdə etibarlılıq imici siyasətidir. Bəzi məlumatlara görə isə Tramp əməliyyatdan əvvəl Maduroya Türkiyəyə sığınmağı təklif edib.
Keçən ilin oktyabrında ABŞ prezidenti Donald Tramp müvafiq sərəncam imzalayaraq Ukraynanın Rusiyanın daxilinə, ən əsası neft infrastrukturunun, neft emalı zavodlarının və kəmərlərinin vurulmasına rəsmi dəstək verib. Həmçinin həmin sərəncamla Ukraynanın Rusiyadan Çinə neft və qaz ixrac kəmərlərinə də zərbələr istisna edilmir və çox ehtimalla Çinə gedən neft kəmərlərinə də zərbələrin endirilməsi müşahidə olacaq.
Rusiya ilə yanaşı, Çin Venesuelaya müttəfiqlik səviyyəsində siyasi-diplomatik, hərbi və texnoloji dəstək verir, öz iqtisadiyyatının güclü inkişafı üçün Venesuela neftindən ucuz xammal kimi istifadə edərək ABŞ ilə real rəqabət aparır. Venesuelada Maduron hakimiyyətinin devrilməsindən sonra Çinin də regional və qlobal hərbi-siyasi nüfuzunun və iqtisadi potensialının ciddi şəkildə zədələndiyi görünür.
Şübhəsiz ki, ABŞ-ın Venesuelada keçirdiyi əməliyyat və prezident Maduronun həbsi beynəlxalq hüququn iflasıdır və heç bir ittihamla buna haqq qazandırmaq mümkün deyil. Donald Trampın Venesuela əməliyyatından sonra İrana hərbi müdaxilə ehtimalı yüksəlib. Artıq ABŞ İranda gedən mitinqlərə hakimiyyətin silahlı müdaxilə edəcəyi təqdirdə etirazçıları müdafiə edəcəyini bildirib.
ABŞ üçün Qrelandiya da əsas hərbi hədəflərdəndir. Ancaq, ABŞ-ın Danimarka ilə Qrenlandiya məsələsində ortaq razılaşması mümkündür. Panama və Kolumbiya ilə Tramp administrasiyasının güclə danışmaq istəyi isə açıqdır.
ABŞ-ın Venesueladakı əməliyyatından sonra Çinin də Tayvanı özünə tabe etmək üçün hərbi əməliyyat keçirmək ehtimalı artıb. Ancaq bu, ABŞ-la razılaşmadan irəli gələ bilməz. Əgər Çin bu əməliyyata gedərsə, ABŞ-la rəqabətdə güc və imkanını sübut edə bilər. Təbii ki, Çin ABŞ üçün birinci əlçatmaz rəqib olaraq qalır.
Rusiyadan, Venesueladan və İrandan Çinə gedən enerji daşıyıcılarının üçündən hələ ki, iki təchizatın kəsilməsi ehtimalı Çinin ABŞ loyalığına təsir edə bilər. Demək ki, İrandan da Çinə enerjidaşıyıcılarının ixracının dayandırılması zaman məsələsidir. Yeri gəlmişkən, İran, Rusiya və Çin ABŞ-ın Venesuelada keçirdiyi əməliyyatı pisləyən bəyanatla çıxış edib".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
85
50
olaylar.az

10Mənbələr