Musavat.com xəbər verir ki, ABŞ-ın Venesuela prezidenti Nikolas Maduro və həyat yoldaşı Siliya Floresi oğurlamasından sonra artıq dünyanın ən böyük neft şirkətləri hazırlıqlara başlayıblar. Qlobal enerji nəhəngləri Venesuelaya qayıdır. Ölkə artıq riskli periferiyadan çıxaraq yenidən stabil gəlir zonasına çevrilir. İllər boyu sanksiyalar, lisenziya mübahisələri və siyasi qeyri-müəyyənlik səbəbindən dondurulan layihələr artıq gericə q alıb. Venesuela neft-qaz yataqları ABŞ və Britaniyanın nəzarətinə qayıdır. İlk siqnallar isə Londondan gəlir. Britaniyanın 2 iri enerji korporasiyası Shell və BP Venesuela bazarında əməliyyatların bərpasını ciddi şəkildə müzakirə edir. "The Daily Telegraph" qəzetinin yazdığına görə, Shell Karib dənizində yerləşən və təxminən 120 milyard kubmetr qaz ehtiyatına malik Dragon qaz yatağının işlənməsində xüsusi maraq göstərir. Hesablamalara əsasən, bu layihə 30 il ərzində illik 500 milyon dollara qədər mənfəət gətirə bilər.
Lakin layihə indiyədək ABŞ hakimiyyəti ilə lisenziyalaşdırma məsələlərində yaranan ziddiyyətlər səbəbindən dondurulmuşdu. İndi isə dəyişən siyasi mühit bu məhdudiyyətlərin yenidən nəzərdən keçirilməsinə imkan yaradır.
Qəzet yazr ki, ABŞ prezidenti Donald Tramp Venesuelanın neft və qaz sənayesinin bərpasında əsas üstünlüyü Amerika şirkətlərinə vermək niyyətindədir. Buna baxmayaraq, Shell-in prosesdən kənarda qalması da real görünmür. Sadəcə, Britaniya nəhəngi çox güman ki, ABŞ şirkətləri ilə birgə müəssisələr formatında fəaliyyət göstərməli olacaq.
Britaniyanın investisiya bankı "Panmure Liberum"un analitiki Eşli Kelti vəziyyəti belə şərh edir: "Əsas qaliblər, xüsusilə də Venesuelada artıq mövcud olan Chevron kimi Amerika şirkətləri olacaq. Avropalı enerji nəhəngləri ən sərfəli sövdələşmələrdən kənarda qala bilərlər, lakin sonradan onlar da prosesə cəlb olunacaq. Çünki ABŞ şirkətləri riskləri bölüşmək üçün tərəfdaş axtaracaqlar. Bu mərhələdə Shell və BP ilk seçim olacaq".
Eyni mənbənin məlumatına görə, BP də Venesuela bazarına qayıtmaqda maraqlıdır. Şirkət 2024-cü ildə Manakin-Cocuina qaz yatağının işlənməsi üçün lisenziya alsa da, Tramp administrasiyası ötən ilin aprelində bu icazəni ləğv etmişdi. O vaxtdan bəri BP lisenziyanın bərpası üçün səylərini davam etdirir. Beləliklə, Venesuela enerji sektoru yenidən qlobal güclərin toqquşma meydanına çevrilir. ABŞ siyasi nəzarəti möhkəmləndirir, Amerika şirkətləri önə çıxır, Avropa, xüsusən Britaniya fürsəti əldən verməmək üçün hərəkətə keçir. Neft və qaz ucuzlaşa, bazar dəyişə bilər, amma Venesuela bir daha sübut edir ki, enerji siyasəti hələ də geopolitikanın ən sərt alətidir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31