İranın sonuncu şahı Məhəmmədrza Pəhləvinin oğlu Rza Pəhləvi ölkədə davam edən ümumxalq etirazlarının iştirakçılarına çağırış edib.
Bakıvaxtı.az xəbər verir ki, insanları küçələrə çıxmağa səsləyən keçmiş şahzadə etirazları zamanı İranın təhlükəsizlik qüvvələri tərəfindən öldürülən gənclərin qanının boşa getməsinə icazə verməyəcəyini bildirib.
Etirazların səkkizinci günündə paytaxt Tehranın müxtəlif yerlərində insanlar küçələrə çıxıblar.
HANA İnsan Haqları Təşkilatı ilk yeddi gün ərzində 25 əyalətin 60 şəhərində etiraz və tətillərin yayıldığını, bu müddədə azı 582 nəfərin həbs olunduğunu açıqlayıb.
Əməkçi, təqaüdçü və sosial təşkilatlar birgə bəyanat yayaraq, ümumxalq tətillərini dəstəklədiklərini, şəhər mərkəzlərində mitinqlərin təşkil olunacağını bəyan ediblər.
Müstəqil İran KİV-nin yazdığına görə, ümumxalq etirazlar başlayandan bəri müxtəlif şəhərlərdə azı 16 vətəndaş həyatını itirib.
Bazar günü Tehranda polislə iş adamları arasında toqquşma baş verib, etirazçılara qarşı gözyaşardıcı qazdan istifadə edilib.
Tehran və digər bir sıra iri şəhərlərdə mağazalar və digər iş yerləri bağlanıb.
İsfahan vilayətinin Zərinşəhr şəhərində küçələrə “Cavid şah”, “Xameneiyə ölüm” şüarları yazılıb./Teleqraf