İngiltərənin “Mançester Yunayted” komandasının baş məşqçisi, portuqaliyalı mütəxəssis Ruben Amorim istefaya göndərilib.
Arena.az xəbər verir ki, bu barədə Mançester klubunun mətbuat xidməti məlumat yayıb.
“Mançester Yunayted”in istefanın səbəbləri ilə bağlı yaydığı rəsmi açıqlamada bunlar qeyd edilib:
“Amorim 2024-cü ilin noyabrında bu vəzifəyə təyin olunmuş və may ayında komandanı Bilbaoda keçirilən Avropa Liqasının finalına çıxarmışdı. “Mançester Yunayted” Premyer Liqada 6-cı pillədə qərarlaşdığı üçün klub rəhbərliyi çətin də olsa, dəyişiklik etməyin doğru vaxt olduğuna qərar verib. Bu addım komandanın Premyer Liqanı mümkün olan ən yüksək mövqedə başa vurması üçün ən yaxşı imkan yaradacaq. Klub Rubenə verdiyi töhfələrə görə təşəkkür edir və gələcək karyerasında ona uğurlar arzulayır. Darren Fletçer çərşənbə günü “Börnli”yə qarşı oyunda komandanı meydana çıxaracaq”.
Xatırladaq ki, Ruben Amorim 2024-cü ilin noyabr ayında “Mançester Yunayted”in baş məşqçisi təyin olunmuşdu. O, sözügedən komandanı bütövlükdə 63 oyuna çıxarıb, 25 qələbə, 15 heç-heçə və 23 məğlubiyyət görüb.
Amorim məşqçiliyə 2018/2019-cu illər mövsümündə “Kaza Piya” klubunda başlayıb. Bundan sonra gənc portuqal mütəxəssis “Braqa”nın “B” komandasını, ardınca isə əsas komandasını çalışdırıb. 2020-ci ilin mart ayında isə Amorim “Sportinq”in sükanı arxasına keçib.
Amorim rəhbərliyi müddətində “şirlər”ə 2 dəfə Portuqaliya Premyer Liqasını (2020/2021, 2023/2024), 2 dəfə Portuqaliya Liqa Kuboku (2020/2021, 2021/2022) və Portuqaliya Super Kubokunu (2021/2022) qazandırıb. Həmçinin Amorim “Braqa” ilə Portuqaliya Liqa Kubokunun (2019/2020) qalibi olub.
“Mançester Yunayted” İngiltərə Premyer Liqasının cari mövsümündə keçirdiyi 20 oyunda 31 xal toplayıb və 6-cı pillədə qərarlaşıb.
