Dortmund “Borussiya”sının cinah hücumçusu Koul Kempbell icarə müqaviləsi əsasında Almaniyanın digər klubu “Hoffenhaym”a qoşulub.
Arena.az bu barədə sözügedən klubların mətbuat xidmətlərinə istinadən xəbər verir.
19 yaşlı amerikalı futbolçunun müqaviləsinin müddəti 2025/2026 mövsümünün sonuna qədərdir. “Hoffenhaym” gənc vingerin bir mövsümlük icarəsi üçün “Borussiya”ya 1,5 milyon avro ödəyib.
Xatırladaq ki, Koul Kempbell ABŞ klubu “Atlanta Yunayted”in yetirməsidir. Bir müddət İslandiyada da çıxış etmiş futbolçu “Hafnarfyordur” və “Breydablik” klublarının şərəfini qoruyub. Amerikalı futbolçu “Borussiya”ya 2022-ci ilin yayında azad agent kimi qoşulub. O, Dortmund klubunun əsas komandasında 7 oyun keçirsə də, fərqlənə bilməyib.
Kempbell İslandiyanın U-17 yığmasında forma geyindikdən sonra Amerika Birləşmiş Ştatlarının U-19, U-20 və U-23 milli komandalarında çıxış edib.
“Transfermarkt” internet-portalı 19 yaşlı vingerin transfer dəyərini 5 milyon avro məbləğində qiymətləndirir.
