AZ

NATO üzrə Avropadakı müttəfiqlər ABŞ-ın Qrenlandiya ətrafında mümkün addımları ilə bağlı plan hazırlayırlar

Bakı, 7 yanvar, AZƏRTAC

NATO üzrə Avropadakı müttəfiqlər ABŞ-ın Qrenlandiyanı ələ keçirməklə bağlı səsləndirdiyi təhdidi reallaşdıracağı halda görüləcək tədbirləri əhatə edən fəaliyyət planı üzərində sıx əməkdaşlıq edirlər. Avropa regionda ABŞ Prezidenti Donald Trampın ambisiyalarına qarşı durmağa çalışır.

AZƏRTAC “Reuters”ə istinadla xəbər verir ki, ABŞ-ın uzunmüddətli müttəfiqi olan Danimarkadan Qrenlandiyanı ələ keçirməsi NATO alyansında ciddi sarsıntıya səbəb ola və Tramp ilə Avropa liderləri arasında mövcud olan fikir ayrılıqlarını daha da dərinləşdirə bilər.

Fransanın xarici işlər naziri Jan-Noel Barronun sözlərinə görə, ABŞ dövlət katibi Marko Rubio ilə telefon danışığı zamanı dövlət katibi Qrenlandiyaya hərbi müdaxilə ehtimalını istisna edib.

Bu həftə aparıcı Avropa dövlətlərinin və Kanadanın liderləri Donald Trampın bu ərazini ələ keçirməklə bağlı növbəti təhdidlərindən sonra Qrenlandiyaya dəstək ifadə edərək bildiriblər ki, Arktika adası onun xalqına məxsusdur.

Son günlər Donald Tramp dəfələrlə Qrenlandiya üzərində nəzarət qurmaq istəyini bəyan edib. O, bu ideyanı ilk dəfə 2019-cu ildə birinci prezidentlik dövründə səsləndirmişdi. Tramp adanın ABŞ-ın hərbi strategiyası üçün mühüm əhəmiyyət daşıdığını bildirir və Danimarkanı müdafiə üçün yetərli tədbirlər görmədiyini iddia edir.

Çərşənbə axşamı Ağ Ev Trampın Avropanın etirazlarına baxmayaraq, Qrenlandiyanın ələ keçirilməsi variantlarını, o cümlədən Amerika hərbi qüvvələrindən mümkün istifadə məsələsini müzakirə etdiyini açıqlayıb.

Danimarkanın xarici işlər naziri Lars Lökke Rasmussen və onun Qrenlandiyadan olan həmkarı Vivian Motsfeldt vəziyyəti müzakirə etmək üçün Marko Rubio ilə təcili görüş keçirilməsi üçün müraciət ediblər.

Danimarka Rusiya və Çinin Qrenlandiyanı hədəfə almaq cəhdləri ilə bağlı iddiaları rədd edir.

Əhalisi cəmi 57 min nəfər olan, dünyanın ən böyük adası sayılan Qrenlandiya NATO-nun müstəqil üzvü deyil, lakin Danimarkanın Qərb alyansındakı üzvlüyü çərçivəsində müdafiə olunur. Avropa ilə Şimali Amerika arasında strateji mövqedə yerləşən ada onilliklərdir ABŞ-ın raketdən müdafiə sistemi üçün mühüm əhəmiyyət kəsb edir. Onun zəngin mineral ehtiyatları da Vaşinqtonun Çindən asılılığı azaltmaq məqsədləri ilə üst-üstə düşür.

Donald Tramp dəfələrlə Rusiya və Çinə məxsus gəmilərin Qrenlandiya ətrafındakı sularda patrul apardığını bildirib, lakin Danimarka bu iddiaları təkzib edir.

Seçilən
124
50
azertag.az

10Mənbələr