Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışında olan Azərbaycan çempionu “Qarabağ” ilk yoxlama oyununa çıxıb.
Arena.az xəbər verir ki, Ağdam təmsilçisi burada Özbəkistanın “Neftçi” (Fərqanə) komandası ilə üz-üzə gəlib.
“Qloria Sports Arena”da baş tutmuş görüşdə “köhlən atlar” 5:0 hesablı qələbəyə seviniblər. Ağdamlıların heyətində Marko Yankoviç dubla imza atıb. O, 3-cü və 29-cu dəqiqələrdə fərqlənib. Digər qolları Leandro Andrade (8), Xoni Montiel (10) və Nəriman Axundzadə (71) vurublar.
Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv toplanış çərçivəsində daha bir yoxlama oyunu keçirəcək. Yanvarın 16-da Polşanın “Zaqlenbe” (Lyubin) klubu ilə sınaq matçı baş tutacaq. Bu oyuna saat 18:00-da (Bakı vaxtı ilə 19:00-da) start veriləcək.
Xatırladaq ki, “Qarabağ” yeni ildə ilk rəsmi oyununa yanvarın 21-də çıxacaq. Komanda UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 7-ci turu çərçivəsində Almaniyanın “Ayntraxt” (Frankfurt) kollektivi ilə qarşılaşacaq.
