Bu gün baş məşqçisi Xabi Alonsonu istefaya göndərmiş “Real”ı bundan sonra digər keçmiş futbolçusu Alvaro Arbeloa çalışdıracaq.
Arena.az bu barədə İspaniya nəhəngi rəsmi saytı vasitəsilə məlumat yayıb.
Xəbərdə bildirilir ki, komandaya bundan sonra Arbeloa rəhbərlik edəcək. O, 2009-2016-cı illərdə futbolçu kimi “Real”ın şərəfini qoruyub və 200-dən çox oyuna çıxıb. Arbeloa 2020-ci ildə məşqçi kimi yenidən bu kluba qayıdıb. O, akademiyada (“La Fabrika”) aşağı yaş qrupları ilə, xüsusilə “Juvenil A” ilə qazandığı uğurlar sayəsində diqqət çəkib. Ötən yay isə o, digər klub əfsanəsi Raul Qonsalesi əvəzləyərək “Kastilya”nın (əvəzedici komanda) baş məşqçisi təyin edilib. Rəhbərlik gənc mütəxəssisin qısa müddətdəki fəaliyyətini yüksək qiymətləndirərək əsas komandanı məhz ona etibar edib. “Real” rəhbərliyi bu müddətdə əsas komandaya yeni baş məşqçi axtarmaqla məşğul olacaq.
Xatırladaq ki, Alvaro Arbeloa yeni vəzifəsində ilk sınağına bu həftə çıxacaq. Madrid təmsilçisi 15 yanvarda İspaniya Kubokunun 1/8 final mərhələsi çərçivəsində “Albasete” ilə qarşılaşacaq.
