AZ

Prezident Ağdərənin daha üç kəndində olub I Yenilənib

Prezident İlham Əliyev həmçinin Ağdərə rayonunun Çıldıran və Aşağı Oratağ kəndlərində görülmüş işlərlə tanış olub. Dövlətimizin başçısına Hayvalı kəndində icra olunan abadlıq işləri və planlaşdırılan infrastruktur layihələri barədə məlumat verildi.

Heyvalı kəndi Ağdərə rayonunun eyniadlı inzibati ərazi dairəsində, Qarabağ silsiləsinin ətəyində yerləşir. İşğaldan əvvəl yerli əhalinin əsas məşğuliyyətini taxılçılıq, tütünçülük və heyvandarlıq təşkil edib, kənddə məktəb, klub və poçt kimi sosial obyektlər fəaliyyət göstərib. Kənd 2023-cü ildə həyata keçirilən antiterror əməliyyatı nəticəsində işğaldan azad edilib.

Qeyd edək ki, Heyvalıda mövcud olan 126 fərdi evdən 45-i artıq tam bərpa edilib və istismara hazırdır. İl ərzində daha 50 evin bərpası nəzərdə tutulur. Artıq doğma yurduna dönən 19 ailənin (74 nəfər) məskunlaşması üçün bütün zəruri şərait yaradılıb.

Kəndin yenidən qurulması çərçivəsində sosial infrastrukturun bərpası istiqamətində genişmiqyaslı işlər görülüb. Belə ki, 2 mövcud transformator, enerji və qaz xətləri bərpa olunub, yeni rabitə xətləri çəkilib. Sakinlərin içməli su ilə təmin olunması üçün 60 kubmetrlik çən quraşdırılıb və su şəbəkəsinin inşası üzrə işlərə başlanılıb. Bundan əlavə, 4,5 kilometr uzunluğunda kənddaxili yollar əsaslı şəkildə bərpa olunub və sakinlərin asudə vaxtı üçün yeni istirahət parkı salınıb.

Sonra Prezident İlham Əliyev kənd sakini Sarvan Abbasovun ailəsinə baş çəkdi, yeni evdə yaradılmış şəraitlə tanış oldu.

***

Çıldıran kəndi isə Ağdərə rayonunun eyniadlı inzibati ərazi dairəsində, dağətəyi ərazidə yerləşir. İşğaldan əvvəl yerli əhalinin əsas məşğuliyyətini heyvandarlıq və bitkiçilik təşkil edib. Kənddə məktəb, mədəniyyət evi, kitabxana və tibb məntəqəsi fəaliyyət göstərib. Kəndin ərazisi tarixi abidələrlə zəngindir. Burada XII əsrə aid "Alban məbədi" və XIII əsrə aid "Qırmızı məbəd" memarlıq abidələri yerləşir. Azərbaycan Silahlı Qüvvələrinin 2023-cü ilin sentyabrında həyata keçirdiyi antiterror əməliyyatı nəticəsində kəndin işğalına son qoyulub.

Kənddə 177 fərdi ev mövcuddur ki, onlardan da 69-u yararsız, 108-i isə qismən yararlıdır. İndiyədək 28 ev istismara hazır vəziyyətə gətirilib. Bu il daha 30 evin bərpası planlaşdırılır. Hazırda ilkin olaraq kəndə 13 ailə (48 nəfər) qayıdıb.

Çıldıran kəndində 2 mövcud transformator, elektrik və qaz xətləri bərpa edilib, yeni elektrik, qaz və rabitə xətləri çəkilib. Bundan başqa, su nasosu istifadəyə verilib, ümumi həcmi 190 kubmetr olan su anbarları təmizlənib və subartezian quyusu təmir olunub, 8,4 kilometr uzunluğunda kənddaxili yollar bərpa edilib, park salınıb.

Sonra Prezident İlham Əliyev kəndə köçmüş Verdi Abdullayevin ailəsinə baş çəkib.

AzVision.az

Qalereya


Seçilən
37
21
azvision.az

10Mənbələr