Ağdərə rayonunun Heyvalı kəndinə bərpa-quruculuq işləri davam etdirilir, keçmiş məcburi köçkünlərin qayıdışı təmin olunur. Belə ki, kənd 2023-cü ildə həyata keçirilən antiterror əməliyyatı nəticəsində işğaldan azad edildikdən sonra mövcud olan 126 fərdi evdən 45-i artıq tam bərpa edilib. İl ərzində daha 50 evin bərpası nəzərdə tutulur. Artıq doğma yurduna dönən 19 ailənin (74 nəfər) məskunlaşması üçün bütün zəruri şərait yaradılıb.
Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Afət Telmanqızı AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, Heyvalı kəndinin yenidən qurulması çərçivəsində sosial infrastrukturun bərpası istiqamətində genişmiqyaslı işlər görülüb. Belə ki, 2 mövcud transformator, enerji və qaz xətləri bərpa olunub, yeni rabitə xətləri çəkilib.
Sakinlərin içməli su ilə təmin olunması üçün 60 kubmetrlik çən quraşdırılıb və su şəbəkəsinin inşası üzrə işlərə başlanılıb. Bundan əlavə, 4,5 kilometr uzunluğunda kənddaxili yollar əsaslı şəkildə bərpa olunub və sakinlərin asudə vaxtı üçün yeni istirahət parkı salınıb. Kənddə əhalinin məşğulluğu diqqət mərkəzində saxlanılır.Xatırladaq ki, Prezident İlham Əliyev yanvarın 13-də Ağdərə rayonunun Heyvalı kəndində görülmüş işlərlə tanış olub.