AZ

Duqlas Kosta yenidən İtaliya A Seriyasına qayıtdı – ARENA.AZ

Futbol üzrə Braziliya yığma komandasının keçmiş cinah hücumçusu Duqlas Kosta yenidən İtaliya A Seriyasına qayıdıb.

Arena.az xəbər verir ki, təcrübəli futbolçu bu ölkənin “Verona” klubuna keçib.

Bu barədə sözügedən klubun mətbuat xidməti məlumat yayıb. 35 yaşlı vingerlə yarım illik, cari mövsümün sonunadək müqavilə imzalanıb.

Xatırladaq ki, braziliyalı futbolçunun sonuncu iş yeri Avstraliya “Sidney”i olub. O, sözügedən kluba 2024-cü ilin yayında qoşulmuşdu. Braziliyalı futbolçu şəxsi problemləri səbəbindən 2025-ci ilin sentyabr ayında Avstraliya klubundan ayrılmışdı və həmin vaxtdan işsiz idi. Duqlas “Sidney”in heyətində 25 oyun keçirib, 6 qol və 8 məhsuldar ötürmə müəllifi olub.

Duqlas Kosta Braziliyanın “Qremio” klubunun yetirməsidir. O, vaxtilə bu klubun əsas komandasında 65 oyun keçirib, 5 qol və 8 assistlə yadda qalıb. Yarımmüdafiəçi sonralar Donetsk “Şaxtyor”unun (Ukrayna, 203 oyun, 38 qol, 40 assist), Almaniya nəhəngi “Bayern”in (97 oyun, 15 qol, 30 assist), MLS (ABŞ) təmsilçisi “Los Anceles Qalaksi”nin (51 oyun, 8 qol, 8 məhsuldar ötürmə), İtaliyanın “Yuventus” klubunun (103 oyun, 10 qol, 22 məhsuldar ötürmə), “Fluminense”nin (22 oyun, 1 assist) də şərəfini qoruyub.

Kosta 2014-cü ilin noyabr ayında debüt etdiyi Braziliya yığma komandasında 31 oyun keçirib. O, bu oyunlarda 3 qola imza atıb, 6 məhsuldar ötürmə müəllifi olub.

“Transfermarkt” internet-portalı 35 yaşlı yarımmüdafiəçinin transfer dəyərini 400 min avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Seçilən
18
11
arena.az

10Mənbələr