AZ

Uilfred Ndidi “Beşiktaş”a zədəli qayıdır – ARENA.AZ

Futbol üzrə Nigeriya millisinin və “Beşiktaş”ın dayaq yarımmüdafiəçisi Uilfred Ndidi Afrika Millətlər Kuboku matçında zədələnib.

Arena.az xəbər verir ki, bu barədə Türkiyə klubunun mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, futbolçu Nigeriya yığmasının Əlcəzairlə qarşılaşmasının 70-ci dəqiqəsində zədələnərək meydanı tərk edib.

Məlumata görə, Nigeriya millisinin həkimləri tərəfindən aparılan MRT müayinəsi nəticəsində futbolçunun sol budunun arxa əzələsində gərilmə və qanaxma aşkarlanıb. Artıq oyunçunun müalicə prosesinə başlanılıb.

Təcrübəli yarımmüdafiəçi Türkiyə Super Liqası çərçivəsində “Kayserispor” və “Eyüpspor”la keçiriləcək qarşılaşmalarda komandasına kömək edə bilməyəcək.

Xatırladaq ki, “Beşiktaş” Ndidini 2025-ci ilin yayında “Lester Siti”dən transfer edib. Bu transfer üçün 8 milyon avro ödəmiş İstanbul nəhənginin nigeriyalı futbolçu ilə 2028-ci ilin 30 iyununadək müqaviləsi var. O, “qara qartallar”ın heyətində indiyə qədər 16 oyuna çıxıb, 1 qol və 1 assistlə yadda qalıb.

Uilfred Ndidi Nigeriyada “Ekosodin Stars” və “Net Boys” kimi klubların formasını geyinib. 2015-ci ildə Avropaya üz tutan yarımmüdafiəçi Belçikanın “Genk” klubuna keçib. O, iki mövsüm bu klubun formasını geyindikdən sonra “Lester Siti”yə transfer edilib. İngiltərə klubu 2017-ci ilin yanvar ayında onu 17,6 milyon avro müqabilində heyətinə qatmışdı. Ndidi “Lester Siti”nin heyətində bütövlükdə 303 oyuna çıxıb, 18 qol vurub, 22 məhsuldar ötürmə müəllifi olub.

Ndidi 2015-ci ilin oktyabr ayında debüt etdiyi Nigeriya millisinin heyətində 65 oyun keçirib, 4 məhsuldar ötürmə ilə yadda qalıb.

“Transfermarkt” internet-portalı 29 yaşlı yarımmüdafiəçinin transfer dəyərini 10 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Seçilən
21
3
arena.az

10Mənbələr