AZ

NYT: Aİ ilə ABŞ arasında ticarət müharibəsi Ukraynaya dəstək imkanlarına təsir göstərəcək

Vaşinqtonla gərginləşən münasibətlər Avropanın strateji hesablamalarını dəyişir...

Poliqon xəbər verir ki, ABŞ ilə Avropa İttifaqı arasında mümkün ticarət müharibəsi Ukraynaya göstərilən hərbi və maliyyə dəstəyi imkanlarını məhdudlaşdıra bilər. Bu barədə “The New York Times” qəzeti yazır. Nəşrin məlumatına görə, məhz ABŞ-dən asılılıq Avropa liderlərinin indiyədək ABŞ prezidenti Donald Tramp ilə münasibətlərdə ehtiyatlı davranmasının əsas səbəblərindən biri olub.

Məqalədə qeyd olunur ki, ABŞ Ukraynanın müdafiəsi üçün həyati əhəmiyyət daşıyır. Lakin Qrenlandiya ətrafında yaranmış vəziyyət Avropanın hesablamalarını dəyişib. Donald Trampın NATO və Aİ üzvü olan Danimarkanın nəzarətindəki muxtar ərazi — Qrenlandiyanı ABŞ-nin nəzarətinə götürmək istiqamətində atdığı addımlar Avropanı cavab vermək məcburiyyətində qoyub.

Xatırladaq ki, Donald Tramp dəfələrlə Qrenlandiyanı ABŞ-nin nəzarətinə almaq niyyətində olduğunu açıqlayıb. Buna cavab olaraq Aİ-yə üzv səkkiz ölkə adaya bir neçə onluq hərbçi göndərərək hərbi təlimlər keçirib. Bundan sonra ABŞ prezidenti bəyan edib ki, fevralın 1-dən etibarən həmin ölkələrdən idxal olunan məhsullara gömrük rüsumları tətbiq ediləcək.

“Financial Times”ın məlumatına görə, Avropa İttifaqı cavab addımı kimi ABŞ mallarına ümumi dəyəri 93 milyard avro olan rüsumlar tətbiq edə bilər. Bundan əlavə, Brüssel “məcburetməyə qarşı mübarizə aləti” (ACI) kimi tanınan mexanizmi — qeyri-rəsmi şəkildə “ticarət bazukası” adlandırılan aləti işə sala bilər. Bu mexanizm ABŞ şirkətlərinin Aİ-nin daxili bazarına çıxışını ciddi şəkildə məhdudlaşdıra bilər. Analitiklər hesab edirlər ki, belə bir eskalasiya transatlantik münasibətlərə ciddi zərbə vurmaqla yanaşı, Ukraynaya dəstəyin həcminə də dolayı təsir göstərə bilər.

Poliqon.info

Seçilən
92
24
poliqon.info

10Mənbələr