AZ

Yuri Vernidub: “Nəticə qazanmaq üçün daha çox çalışmalıyıq” – ARENA.AZ

“Neftçi”nin baş məşqçisi Yuri Vernidub Azərbaycan Premyer Liqasının 17-ci turunda “Zirə”yə qarşı keçirdikləri səfər oyununu şərh edib.

Arena.az xəbər verir ki, paytaxt təmsilçilərinin bu gün baş tutmuş görüşündə qapılara qol vurulmayıb – 0:0.

Yuri Vernidub matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Birinci hissə bizim üçün o qədər də uğurlu olmadı. Toplanışda yoxlama oyunları keçirmişdik. Amma o matçlar o qədər də vacib deyil. Burada isə tələblər çoxdur. Çünki hər matçda xal qazanmalıyıq. Bu gün olduğumuz yerdən xeyli yuxarıya qalxmaq istəyirik. Ola bilər ki, əsəbi olmaq, psixoloji durum onlara imkan vermədi ki, istədiyimiz kimi oyun sərgiləyək. Bundan çox məyus olmuşam. İkinci hissədə bəzi dəyişikliklər etdik. Bizdə birinci hissədə iki dayaq yarımmüdafiəçisi var idisə, ikinci hissədə dəyişiklik etdik. Metyu İfeanyini saxladıq, Freddi Varqas və Emin Mahmudov onun qarşısında idi. Birinci hissədə fərq ondan ibarət idi ki, cinahdakı hücumçular arasında məsafə böyük idi. Özüm də görürdüm ki, oyunçularım nəticədən məyus olublar. Hələ qarşıda görəcəyimiz iş çoxdur, 16 oyunumuz var. Nəticələr qazanmaq üçün öz üzərimizdə daha çox işləyəcəyik.

Bizdə elə tələb var ki, əgər müdafiəçilərimiz topu qəbul edirlərsə, topla da hərəkət etməlidirlər. Məsafə baxımından önəmlidir. Biri var dayandığı yerdən ötürmə etmək, biri də var topla hərəkət edib, daha irəlidə etmək. Bütün dünya indi belə oynayır.

Biz toplanış vaxtı futbolçularla tanış olurduq. Sonuncu oyunda isə bu heyət oynamışdı. Ona görə də həmin heyəti seçmək qərarı verdik. Nəzərə alaq ki, 22 futboçu var, hamısı oynamaq istəyir. Əlimdən gələni edəcəyəm ki, hamısı oynasın. Qapıçı məşqçimiz “Beşiktaş”da işləyib. Ona tam etibar edirəm. Toplanışda gördüm ki, o oyunçularla necə işləyir. Vaxt gələcək Rza Cəfərov da, Emil Balayev də oynayacaqlar. Baş məşqçi kimi bu gün seçimim Piriç idi. Qol buraxmadığı üçün demək olar, doğru seçim idi. Nəticə fərqli olsaydı, digər oyunçulara da şərait yaratmaq haqda düşünərdim.

“Neftçi”də uğur qazanacağımıza inanmasaydım, burada olmazdım. Həyatda ən önəmlisi nəyəsə inanmaq və arzu etməkdir. Bunlar olmasa, həyatın nə mənası olar?”

Xəbəri sosial şəbəkələrdə paylaş:
Seçilən
25
16
arena.az

10Mənbələr