Bizimyol saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
14 fevral Sevgililər Günü yaxınlaşdıqca cəmiyyətdə illərdir təkrarlanan eyni mənzərə yenidən aktuallaşır. Bir tərəfdə bu günü sevginin ifadəsi, romantikanın simvolu kimi qeyd edənlər, digər tərəfdə isə “bu, bizim milli bayramımız deyil” arqumenti ilə ona açıq şəkildə etiraz edənlər dayanır. Amma bütün bu müzakirələrin fonunda üçüncü və ən səssiz, eyni zamanda ən praktik tərəf var ticarət sektoru.
Cəmiyyətin münasibəti nə qədər parçalı olsa da, mağazalar üçün 14 fevralın ideoloji mənası yoxdur. Onlar üçün bu tarix sadəcə təqvimdə qırmızı ilə işarələnmiş satış günüdür. Güllər, şokoladlar, aksesuarlar, zinət əşyaları, ətirlər və müxtəlif “romantik paketlər” artıq günlər öncədən vitrinləri doldurur. Sevgiyə münasibət fərqli ola bilər, amma kommersiya baxımından bu günün alternativi yoxdur. Əslində, bu ziddiyyətli yanaşma təkcə Sevgililər Gününə yox, qloballaşan dünyada bir çox “idxal olunmuş” bayramlara xasdır. Milli dəyərlər prizmasından yanaşanlar 14 fevralın Azərbaycan cəmiyyətinə yad olduğunu vurğulayır, sevginin bir günlə məhdudlaşdırılmasına etiraz edir. Digər tərəf isə bunu şəxsi seçim, emosional ehtiyac və müasir həyat tərzinin bir hissəsi kimi qəbul edir.
Maraqlıdır ki, bu iki mövqenin toqquşması mağaza sahiblərinə təsir etmir. Çünki bazar emosiyalarla yox, tələb və təkliflə işləyir. Hətta Sevgililər Gününü tənqid edənlərin belə dolayısı ilə bu iqtisadi dövriyyənin bir hissəsinə çevrildiyi hallar az deyil. Biri “bayramı qeyd etmirəm” desə də, digəri üçün hədiyyə alır, ailə üzvünə şokolad aparır və ya sadəcə kampaniyadan yararlanır.
Bu baxımdan 14 fevral artıq təkcə sevgi ilə bağlı gün deyil, istehlak davranışlarının güzgüsüdür. Mağazalar endirim adı altında qiymətləri öncədən qaldırır, “xüsusi gün” psixologiyası ilə alıcı daha çox xərcləməyə sövq edilir. Sevgini ölçən meyarlar da getdikcə dəyişir. Jestin səmimiyyətindən çox, maddi dəyəri ön plana çıxır.
Sevgililər Günü ətrafında gedən mübahisələr daha çox ideoloji və mədəni xarakter daşısa da, qalib tərəf hər il eyni olur ticarət. Cəmiyyət bölünür, sosial şəbəkələrdə müzakirələr qızışır, amma kassalar susmur.
Leyla Mirzə, Bizimyol.info
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.