14 fevral hər il dünyada sevgililər günü (Valentine’s Day) kimi qeyd olunur. Bu günün mənşəyi qədim Roma dövrünə, xüsusilə də San Valentin adlı keşişin əfsanəsinə gedib çıxır. Əfsanəyə görə, Valentin, imperatorun evlilik qadağasına baxmayaraq, gizli şəkildə cütlükləri evləndirirmiş. Nəticədə o, həbslərə və ölümlə cəzalandırılıb.
Zamanla 14 fevral romantik sevgi və dostluq günü kimi dünya miqyasında məşhurlaşdı. Bu gün insanlar sevdiklərinə hədiyyələr, gül buketləri, kartlar və şirniyyatlar göndərir, sevgi və diqqətini ifadə edirlər.
Azərbaycan və bir çox digər ölkələrdə 14 fevral həm romantik sevgini, həm də yaxın dostluq münasibətlərini qeyd etmək üçün bir fürsət sayılır. Bu gün xüsusilə gənclər arasında populyardır, kafelərdə və restoranlarda romantik tədbirlər təşkil olunur.
Bəs bu gündə bir-birini sevən insanlar hansı hədiyyələrə üstünlük verirlər?
Redaktor.az mövzu ilə bağlı hədiyyəlik gül mağazasına üz tutdu. Mağazanın sahibi Ayxan bəy bildirdi ki, 14 fevralda gül sifarişləri xüsusilə çox olur:
"Əsasən sevgi rəmzi olan qırmızı rozalara üstünlük verilir. Onunla yanaşı, bu il tülpanlara da maraq çoxdur. Qırmızı qızılgülləri sevməyənlər əsasən rəngli tülpanlara üstünlük göstərirlər".



14 fevralda qiymət artımı olub-olmadığını soruşduqda isə Ayxan bəy qeyd etdi ki, artım çox cüzi olur:
"Əslində bu qiymət artımı bizdən asılı deyil. Adi günlərdə 4-6 manat arası olan qızılgüllər xüsusi bayramlarda 5-7 manat arası olur. Bu isə xarici anbardan götürdüyümüz qiymətlərlə bağlıdır".
Hədiyyəlik əşyalar satılan mağazanın sahibi Günəş xanım isə bildirdi ki, ən çox mağazaya cavanlar yaxınlaşır:
"Cavan oğlanlar əsasən istədikləri xanımlara oyuncaq kuklalar alırlar. Sevgini təmsil edən suvenirlərə maraq böyükdür. Kimin büdcəsi nəyə uyğundursa, onu alır. Ancaq keçmiş illərə nisbətən bu il hədiyyə alanların sayı xeyli azalıb. Bilmirəm, bəlkə də sevənlərin sayı azalıb".
Nuriyyə NATİQQIZI



