ABŞ prezidenti İranla mümkün uzunmüddətli müharibə aparmaq üçün kifayət qədər orta və iriçaplı sursatın mövcud olduğunu bildirib...
Poliqon xəbər verir ki, ABŞ prezidenti Donald Tramp ölkəsinin orta və iriçaplı döyüş sursatları üzrə “praktiki olaraq məhdudiyyətsiz” ehtiyatlara malik olduğunu açıqlayıb. O, bu barədə özünün Truth Social sosial şəbəkə hesabında paylaşım edib.
Donald Trampın sözlərinə görə, ABŞ-nin sursat ehtiyatları indiyədək heç vaxt bu qədər böyük və keyfiyyətli olmayıb. Prezident bildirib ki, ona təqdim edilən son məlumatlara əsasən, mövcud silah və sursat ehtiyatları ilə İranla müharibəni “sonsuzadək” və “çox uğurla” aparmaq mümkündür.
Tramp yazıb ki, yalnız hazırkı ehtiyatlardan istifadə etməklə belə, uzunmüddətli hərbi əməliyyatları davam etdirmək olar və bu silahlar digər ölkələrin ən yaxşı silahlarından belə üstündür. O, həmçinin qeyd edib ki, ABŞ hüdudlarından kənarda da “çoxlu əlavə yüksək keyfiyyətli silahlar” saxlanılır.
Bununla yanaşı, ABŞ prezidenti sursat ehtiyatlarının arzu olunan səviyyədə olmadığını da etiraf edib. Onun sözlərinə görə, mövcud imkanlar geniş olsa da, ölkənin müdafiə potensialının daha da gücləndirilməsi zəruridir.
Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyata başlayıb. ABŞ tərəfi bu əməliyyatı “Epik Qəzəb” adlandırır. Donald Tramp daha əvvəl bildirmişdi ki, Vaşinqton ilkin mərhələdə əməliyyatın təxminən bir ay davam edəcəyini proqnozlaşdırıb.
ABŞ prezidenti müharibənin uzana biləcəyini istisna etməyib. Bununla belə, o, hazırda ABŞ-nin əməliyyatın qarşıya qoyulmuş məqsədlərinə yaxın olduğunu vurğulayıb. Tramp eyni zamanda İran ərazisində quru əməliyyatının keçirilməsi ehtimalını da tam istisna etməyib.
Regionda hərbi-siyasi gərginlik davam edir və beynəlxalq ictimaiyyət tərəfləri vəziyyətin daha da eskalasiyaya uğramaması üçün təmkinə çağırır.
Poliqon.info