İsrailin milyardlarla şekellə ifadə olunan yeni hərbi büdcə qəbul etməsi Yaxın Şərqdəki gərginliyin gələcəyi ilə bağlı müzakirələri yenidən gündəmə gətirib. Ekspertlər hesab edir ki, regionda davam edən qarşıdurmalar fonunda bu addımın əsas məqsədi hərbi imkanları daha da gücləndirmək və mümkün ssenarilərə hazır olmaqdır. Lakin bir çox analitiklər müharibənin taleyinin təkcə İsrailin hərbi xərclərindən deyil, eyni zamanda ABŞın siyasi qərarlarından və xüsusilə də ABŞ prezidenti Donald Tramp administrasiyasının mövqeyindən asılı olduğunu bildirirlər. Bəs İsrailin yeni hərbi büdcəsi regionda müharibəni genişləndirə bilərmi?
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən politoloq Elçin Xalidbəyli bildirib ki, müharibənin taleyi İsrailin hərbi büdcəsindən deyil, əsasən ABŞ-ın siyasi qərarlarından asılıdır.

“İsrail yeni hərbi büdcəni müharibəni davam etdirmək imkanlarını artırmaq üçün formalaşdırıb.
İsrail bu müharibənin davam etməsində maraqlı tərəfdir. Lakin o hesab edir ki, ABŞ-ın dəstəyi olmadan İsrail bu savaşı uzun müddət davam etdirə bilməz. Hətta ən yüksək hərbi büdcə formalaşdırılsa belə, bu, kifayət etməz”.
Ekspertin fikrincə, müharibənin uzanıb-uzanmayacağı böyük ölçüdə ABŞ prezidenti Donald Trampın verəcəyi qərardan asılı olacaq.
“Əgər Tramp müharibənin davam etməsinə qərar verərsə, bu proses uzana bilər. Əks halda ABŞ qüvvələrinin Körfəz və Yaxın Şərq regionundan geri çəkilməsi ehtimalı yaranacaq.
Tramp administrasiyası bu məsələ ilə bağlı qərar verərkən ABŞ daxilində baş verən siyasi və ictimai prosesləri də nəzərə almaq məcburiyyətindədir. Hazırda həm ABŞ siyasi elitasında, həm də cəmiyyət daxilində administrasiyanın müharibə siyasətinə qarşı ciddi etirazlar müşahidə olunur”.
Politoloqun sözlərinə görə, ABŞ Konqresində və Senatda da müharibənin dayandırılması ilə bağlı çağırışlar getdikcə artır. Eyni zamanda Amerika vətəndaşları arasında da etiraz dalğasının genişləndiyi qeyd olunur.
“Müharibə ABŞ üçün ciddi maliyyə xərcləri yaradır. ABŞ bu müharibəyə milyardlarla dollar vəsait xərcləyir. Son məlumatlara görə, cəmi 10 gün ərzində ABŞ bu müharibəyə 10 milyard dollardan çox vəsait sərf edib.
Bu xərclər əsaslandırılmasa, ABŞ cəmiyyəti bunun hesabını Tramp administrasiyasından tələb edə bilər. Artıq administrasiya Konqresdən əlavə büdcə ayrılması ilə bağlı müraciət etmək məcburiyyətində qalıb. ABŞ büdcəsində də müəyyən maliyyə problemlərinin mövcud olduğu vurğulanır.
Əlavə maliyyə ayrılmazsa, bu, Tramp administrasiyası üçün ölkədaxili idarəetmədə ciddi böhran yarada bilər”.
Ekspert sonda qeyd edib ki, bütün bu amilləri nəzərə aldıqda müharibənin davam edib-etməyəcəyi İsrailin hərbi büdcəsindən deyil, əsasən ABŞ-da qəbul olunacaq siyasi qərarlardan asılıdır.
Aynurə İsmayıl
KONKRET.az