AZ

Saşa İliç: “Qışda bəzi tələblərim yerinə yetirilmədi” – ARENA.AZ

“Sumqayıt”ın baş məşqçisi Saşa İliç Azərbaycan Premyer Liqasının 23-cü turunda “Karvan”a qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün Yevlaxda baş tutmuş görüşündə qalib müəyyənləşməyib – 1:1.

Saşa İliç matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Kifayət qədər səhvlərə yol verdik. Keyfiyyətsiz oyun alındı. Penaltidən yararlana bilsəydik, bəlkə də burada tam fərqli yöndə danışırdım. Ümumi götürsək, çıxışımızdan narazıyam.

Bu gün daha çox gənclərə, akademiyanın yetirmələrinə şans verdik. Fikrimcə, mövsümün qalan hissəsində də belə olacaq. Bu, rəhbərlikdən gələn tapşırıqdır. Bizə deyiblər ki, daha çox akademiyanın yetirmələrinə şans verin.

Verilən qərara hörmətlə yanaşıram. Mövcud heyətlə işləməliyəm. Gənc futbolçular oyun təcrübəsi qazanandan sonra dəyişikliklər olacaq. Mövsümün sonuna hələ vaxt var. Hələ, işimə davam edirəm. Nə qərar qəbul olunsa, razılaşacağam. Mənim müqaviləmin müddəti onsuz da mövsümün sonuna kimidir. Transferlə bağlı məsələlər məndən asılı deyil.

Bizim güclü akademiyamız var. Nəticə üçün müəyyən vaxt lazımdır. Klubun qərarını başa düşürəm. Avrokuboklara vəsiqə qazanmaq şansımız azaldığı üçün gənc futbolçulara şans verməklə növbəti mövsümlər üçün strateji yollar axtarırıq.

Biz hamımız komanda üçün çalışırıq. Mövsümə yaxşı start verdik, kifayət qədər xal topladıq. Qış fasiləsində müəyyən tələblərim oldu, onlar da alınmadı. Uğursuz nəticələr bununla bağlı ola bilər”.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Seçilən
6
1
arena.az

10Mənbələr