BAKI, 14 mart. TELEQRAF
İsrail Livanda quru əməliyyatını əhəmiyyətli dərəcədə genişləndirməyi və “Hizbullah” hərəkatının hərbi infrastrukturunu məhv etməyi planlaşdırır.
Teleqraf xəbər verir ki, bu barədə "Axios" saytı yüksək vəzifəli israilli rəsmiyə istinadən məlumat yayıb.
“Biz Qəzzada etdiyimiz kimi edəcəyik”, - deyə nəşr həmin rəsmidən sitat gətirib.
Məlumata görə, əməliyyat çərçivəsində İsrailin “Hizbullah”ın silah saxladığını və hücumlar həyata keçirdiyini iddia etdiyi binaların məhv edilməsi nəzərdə tutulur.
Nəşr qeyd edir ki, belə miqyaslı əməliyyat İsrail ordusunun Livanın cənubunda uzunmüddətli mövcudluğuna gətirib çıxara bilər.
Bildirilir ki, ABŞ Prezidenti Donald Trampın administrasiyası “Hizbullah”ın silahsızlaşdırılmasına yönəlmiş bu əməliyyata dəstək verir. Bununla yanaşı, Vaşinqton Livan dövlətinə dəyən ziyanın minimuma endirilməsini və son nəticədə İsraillə Livan arasında müharibədən sonrakı razılaşma üzrə birbaşa danışıqların aparılmasını istəyir.
İsrail tərəfi isə hər bir addım üzrə Vaşinqtonla məsləhətləşəcəyini bildirib.
“Bu əməliyyat üçün ABŞ-nin tam dəstəyini aldığımıza inanırıq”, - deyə israilli rəsmi qeyd edib.
Xatırladaq ki, bundan əvvəl İsrail ordusu Livanda “Hizbullah”ın komanda mərkəzlərinə zərbələr endirdiyini açıqlamışdı.
Livan tərəfi isə İsrail zərbələri nəticəsində ölkədə ölənlərin sayının 687 nəfərə çatdığını bildirib.