İsrail Müdafiə Ordusu (ÇAXAL) Livanın cənubundakı yerüstü əməliyyatlarını əhəmiyyətli dərəcədə genişləndirmək və Litani çayına qədər olan bütün əraziləri nəzarətə götürmək niyyətindədir.
Musavat.com xəbər verir ki, "Axios" portalı İsrail və ABŞ rəsmi dairələrinə istinadən bu planın "Hizbullah"ın sərhədyanı hərbi infrastrukturunu tamamilə məhv etmək məqsədi daşıdığını bildirib. İsrailli yüksək rütbəli rəsmilərdən biri "Qəzzada etdiklərimizi burada da edəcəyik" deyərək, Litani çayının cənubunun hərbi mövqelərdən və silah anbarlarından təmizlənəcəyini, faktiki olaraq bu bölgənin "bufer zonaya" çevriləcəyini vurğulayıb.
Martın əvvəlindən bəri gərginliyin artması ilə ÇAXAL artıq 800 mindən çox livanlıya Litani çayının şimalına təxliyə olunmaq barədə xəbərdarlıq edib. Hazırda İsrailin 36-cı diviziyasının Livanın daxilinə doğru irəlilədiyi, Sur və Nəbatiyə kimi iri şəhərlərin hədəf alındığı bildirilir.
Analitiklər hesab edirlər ki, bu əməliyyat 2006-cı il müharibəsindən bəri İsrailin Livanda həyata keçirdiyi ən genişmiqyaslı hərbi kampaniyadır. İsrailin müdafiə naziri İsrail Katz isə bəyan edib ki, əgər Livan hökuməti "Hizbullah"ın raket hücumlarını dayandıra bilmirsə, ordu ölkənin dövlət infrastrukturuna zərbə endirmək və daha dərinə irəliləmək əmrini icra edəcək.
Musavat.com