“Yaxın Şərqdəki müharibə təcili nizamlanmasa, coğrafi baxımdan genişlənmə təhlükəsi daşıyır”.
Publika.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan banqladeşli həmkarı Xalilur Rəhman ilə keçirdiyi mətbuat konfransında bəyan edib.
Diplomat qeyd edib ki, Ankara münaqişənin nəzarətdən çıxa biləcəyi ilə bağlı əvvəllər xəbərdarlıq edib və baş verənlərlə bağlı bu qiymətləndirmə özünü doğruldub.
"İrana hücumlar davam edərsə və İran da öz növbəsində qonşu ölkələrə hücum edərsə, vəziyyətin çıxılmaz hal alacağı və nəzarətdən çıxacağı bizi çox narahat edir. Buna son qoyulmalıdır", – deyə nazir bildirib.
O əlavə edib ki, münaqişə tərəflərinin hücumları dünya iqtisadiyyatına zərər vurur. Fidanın sözlərinə görə, Ankara və Tehran Türkiyə istiqamətinə raketlərin buraxılmasını müzakirə edirlər; İslam Respublikası bu insidentlərdə əli olduğunu inkar edir və tərəflər bu məsələ ilə bağlı müxtəlif səviyyələrdə danışıqlar aparırlar.