İngiltərə Premyer Liqasının 2025/2026 mövsümünün 30-cu turunda "Mançester Yunayted" və "Aston Villa" komandaları arasında keçirilən oyun başa çatıb.
Moderator.az xəbər verir ki, qarşılaşma "Mançester Yunayted"in 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. Görüş Mançesterdə yerləşən "Old Trafford" stadionunda baş tutub. Matçın baş hakimi isə Mançester şəhərindən olan Entoni Teylor olub.
Hesabı meydan sahibləri 53-cü dəqiqədə açıb - Kazemiro fərqlənib. Qonaqlar 64-cü dəqiqədə Ross Barklinin qolu ilə hesabı bərabərləşdiriblər.
Lakin daha sonra "Mançester Yunayted" yenidən üstünlüyü ələ alıb. 71-ci dəqiqədə Mateus Kunya komandasını yenidən irəli çıxarıb. 81-ci dəqiqədə isə Benyamin Şeşko fərqlənərək oyunun yekun hesabını müəyyənləşdirib.
Bu qələbədən sonra "Mançester Yunayted" 54 xalla turnir cədvəlində üçüncü pillədə qərarlaşıb. 51 xalı olan "Aston Villa" isə dördüncü yerdədir.
Növbəti turda "qırmızı şeytanlar" martın 20-də səfərdə "Bornmut"la qarşılaşacaq. "Aston Villa" isə martın 22-də öz meydanında "Vest Hem Yunayted"i qəbul edəcək.