AZ

İranın nüvə strategiyası: Zərbələrdən sonra yeni mərhələ KONKRET

Konkret.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Yaxın Şərqdə artan hərbi gərginlik fonunda İranın nüvə proqramı yenidən beynəlxalq gündəmin mərkəzinə çevrilib. ABŞ və İsrailin son zərbələrinin Tehranın nüvə imkanlarına təsiri, eləcə də ölkənin zənginləşdirilmiş uran ehtiyatları ilə bağlı suallar daha da aktuallaşıb.

Bəs İran mövcud nüvə infrastrukturu ilə qısa müddətdə nüvə silahı əldə etməyə nə dərəcədə yaxındır?

Bu barədə KONKRET.az-a açıqlama verən hərbi ekspert Ədalət Verdiyev bildirib ki, İran ötən ilin iyun ayında baş verən münaqişəyə qədər nüvə silahı əldə etməyə olduqca yaxın idi.

Onun sözlərinə görə, həm ötən il ABŞ və İsrail tərəfindən endirilən zərbələr, həm də hazırda davam edən hərbi əməliyyatlar İranın nüvə proqramını ciddi şəkildə ləngidib:

“Bu zərbələrin əsas məqsədi İranın nüvə proqramını tamamilə sıradan çıxarmaq idi. Müəyyən nəticələr əldə olunsa da, proqram tam dayandırılmayıb, yalnız uzun müddətə geri salınıb.”

Ekspert qeyd edib ki, İranın əlində hələ də əhəmiyyətli həcmdə zənginləşdirilmiş uran ehtiyatı qalır:

“Təxminən 460 kiloqrama yaxın zənginləşdirilmiş uran ehtiyatı mövcuddur. Bu isə potensial olaraq nüvə silahı istehsalı üçün ciddi baza deməkdir. Vaşinqton tələb edir ki, İran bu ehtiyatları ya ABŞ-a, ya da onun müəyyən edəcəyi digər ölkələrə təhvil versin. Bu baş verməyənə qədər sülh razılaşmasının əldə olunması real görünmür.”

Onun fikrincə, İranın yalnız uran ehtiyatlarından deyil, ümumilikdə nüvə proqramı və uzaqmənzilli raket imkanlarından imtina etməsi ABŞ və İsrailin hücumlarının dayandırılması üçün əsas şərtdir.

Ekspert əlavə edib ki, diplomatik proses hərbi əməliyyatlarla paralel şəkildə davam edir:

“Danışıqlar həm birbaşa, həm də üçüncü ölkələrin vasitəçiliyi ilə aparılacaq. Lakin bu, İsrail və ABŞ-ın İrana qarşı zərbələrinin dayanacağı anlamına gəlmir.”

Beləliklə, ekspertin qiymətləndirməsinə görə, İranın nüvə proqramı zərbələr nəticəsində zəifləsə də, tam sıradan çıxarılmayıb və ölkə hələ də müəyyən potensialını qoruyur. Bu isə regionda gərginliyin yaxın zamanda azalacağına dair ümidləri zəiflədir.

Aynurə İsmayıl

KONKRET.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
12
50
konkret.az

10Mənbələr